İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya: “Dilimizi korlayan "parazit sözlər"i...”

İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya: “Dilimizi korlayan "parazit sözlər"i...”

"Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək. Çünki bu sözlər artıq bizim leksikonumuzda var".

Bunu Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.

Onu sözlərinə görə, "eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayqın olmayan bir ingilis, fransız, ərəb, İndoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur".

Qeyd edək ki, bu gün danışıq dilində müxtəlif xalqların dilində olan sözlərdən istifadə edilir.

Bəs rus sözləri olan  "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil etmək nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov "Cebheinfo.az"a bildirib ki, akademik Nizami Cəfərovun bu fikirlərini eşitməyib: 

"Ancaq həmin sözlər danışıq dilində işlədilir. Onların dilimizin lüğətlərinə, xüsusilə də orfoqrafiya lüğətinə daxil edilməsinə məncə ehtiyac yoxdur. "Vopşe" sözünün qarşılığı kimi Azərbaycan dilində "ümumiyyətlə" sözü işlədilir. Ola bilsin ki, "ümumiyyətlə" sözü bir qədər uzunluğuna görə Nizami Cəfərov bu fikri bildirib.

Ancaq mən o fikrin tərəfdarı deyiləm ki, dilimizi korlayan "parazit sözlər"i lüğətə daxil edək. O sözlər "parazit sözlər"dir. Xarici, başqa dillərdən alınma sözlərdir. Onları daxil etməyə ehtiyac görmürəm".

Nigar Abdullayeva
"Cebheinfo.az"