Orban Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan danışıb

Orban Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan danışıb

Macarıstanın Baş naziri Viktor Orbanın fikrincə, Ukraynadakı müharibəyə son qoyacaq razılaşma yalnız Rusiya və ABŞ prezidentlərinin birbaşa görüşü nəticəsində əldə oluna bilər.

"Cebheinfo.az" xəbər verir ki, Orbanın fikrincə, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar real nəticə verməyəcək.

“Əgər düşünürsünüzsə ki, ruslar və ukraynalılar öz aralarında razılığa gələ bilərlər, yanılırsınız. Bu, baş verməyəcək. Son üç ildə bu, istənilən vaxt ola bilərdi, amma olmadı. Mən özüm hər ikisi ilə ayrı-ayrılıqda danışıqlar aparmışam, amma nəticə əldə etməyə imkan verilmədi”, - deyə Orban "TV2" kanalının “Faktlar” proqramına verdiyi müsahibədə bildirib.

O, 2024-cü ilin iyulunda sülh təşəbbüsü ilə həm Kiyevə, həm də Moskvaya səfər etmiş, Prezident Volodimir Zelenski və Vladimir Putinlə görüşlər keçirmişdi.

Orban hesab edir ki, münaqişəyə yalnız Donald Trampın davam etdirdiyi sülh təşəbbüsü nöqtə qoya bilər:

“Tramp artıq Zelenski ilə görüşüb. İndi isə Putinə birbaşa söz deməyin vaxtıdır. Əgər o, Putinlə bir masa arxasında əyləşsə, bu, böyük bir irəliləyiş olar. Bəlkə də, sülhə doğru real bir addım atılar. Əgər bu baş verməsə, başqa heç nə ilə sülh əldə edə bilməyəcəyik”.Onun sözlərinə görə, təkcə ABŞ yox, Avropa da Rusiya ilə münasibətləri bərpa etməli, danışıqlara qayıtmalıdır:

“Tez ya da gec, Avropa ölkələri Putinlə danışmağa məcbur qalacaqlar. Bu, qaçılmazdır. İndi isə əsas sual budur ki, Avropa bu dialoqa Tramp və Putin görüşməmişdən əvvəl başlamaq istəyir, yoxsa yalnız onlardan sonra?”

Orbanın fikrincə, bu məsələdə təşəbbüsə Almaniya və Fransa başda olmaqla, Avropa İttifaqının aparıcı ölkələri liderlik etməlidirlər:

“Almanlar və fransızlar artıq qərarlı davranmalıdırlar. Söhbət Avropanın qəlbində baş verən müharibənin dayandırılmasından gedir”.

Səbinə Uğur
"Cebheinfo.az"