ABŞ-nin haker qrupu İranı hədəfə alıb

ABŞ sanksiyalarına məruz qalmış iki böyük İran gəmiçilik şirkətinə məxsus gəmilərin rabitə sistemləri pozulub.
"Cebheinfo.az" "Iran International"-a istinadən xəbər verir ki, "Lab Dookhtegan" ("Dodaq oxu") adlı haker qrupu 116 gəminin rabitə şəbəkəsini sıradan çıxarıb.
Bununla da onların bir-biri ilə, limanlarla və xarici əlaqə kanalları ilə əlaqəsi kəsilib.
Bildirilir ki, bu kiberhücum ABŞ-nin Yəməndəki husilər hərəkatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlara təsadüf edib.
"Bu əməliyyat çərçivəsində biz ABŞ-nin sanksiyalarına məruz qalan iki İran gəmiçilik şirkətinin – İran Milli Tanker Şirkətinə (NITC) məxsus 50 gəminin və İran İslam Respublikası Gəmiçilik Xətlərinə (IRISL) məxsus 66 gəminin rabitə şəbəkəsinə hücum etdik", - deyə qrupun yaydığı hesabatda deyilir.
Qeyd edilən şirkətlər ABŞ Maliyyə Nazirliyi, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
"Lab Dookhtegan" adlı haker qrupunun verdiyi məlumata görə, bu hücum gəmilərin fəaliyyətinə ciddi maneələr yaradıb və sistemlərin tam bərpası bir neçə həftə çəkə bilər.
"Ekipaj üzvləri artıq bir-biri ilə əlaqə saxlaya bilmir, həmçinin limanlar və xarici dünya ilə də bütün rabitə kəsilib" - "Iran International" yazır.
Bildirilir ki, İranın bütün neft biznesi SEPAH-ın təsiri altına düşüb, gizli neft daşıyan gəmilərdən tutmuş, logistikaya və nefti əsasən Çinə satan saxta şirkətlərə qədər hər şey bu qurumun nəzarəti altındadır.
Donald Tramp administrasiyası isə İran neft tankerlərini dənizdə saxlayıb yoxlamağı nəzərdə tutan beynəlxalq planı müzakirə edir.
Tramp administrasiyası İranı dünya iqtisadiyyatından tam təcrid etməyə və onun neft ixracını sıfıra endirməyə çalışır ki, bununla da İranın nüvə silahına sahib olmasının qarşısını alsın.
Səbinə Uğur
"Cebheinfo.az"