Rusiya və İndoneziya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

Rusiya və İndoneziya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

Rusiya Prezidenti Vladimir Putin və İndoneziya Prezidenti Prabovo Subianto Sankt-Peterburqun Strelna rayonunda üç saatdan çox davam edən danışıqlardan sonra strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirəcək mühüm sənədlər qəbul edilib.

Bəyannamə Rusiya ilə İndoneziya arasında siyasi, iqtisadi, elmi və təhlükəsizlik sahələrində münasibətləri yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır.

Tərəflər viza rejimlərinin yumşaldılması, milli valyutalarda birbaşa ödənişlərin təşviq edilməsi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Nüvə enerjisindən dinc məqsədlərlə istifadə, biotexnologiya və mədənçıxarma sahələrində birgə layihələr həyata keçiriləcək.

Danışıqlar zamanı Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) ilə İndoneziya fondu arasında 2 milyard avroluq investisiya platformasının yaradılmasına dair saziş imzalanıb.

2025-ci ilin ilk 4 ayında ikitərəfli ticarət həcminin 40 % artdığını bildirən Putin, "Rus buğdası və İndoneziya kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti əhəmiyyətli dərəcədə artıb" deyib. 

Bildirilib ki, Avrasiya İqtisadi İttifaqı ilə İndoneziya arasında azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar davam edir.

Rusiya lideri karbohidrogen, neft və LNG tədarükünü artırmağa hazır olduqlarını və İndoneziya kontinental şelfində yeni layihələrdə iştirak edə biləcəklərini bəyan edib:

“Biz dinc nüvə enerjisi, kosmik texnologiyalar, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə əməkdaşlığımızı genişləndirməyə hazırıq”.

Subianto Rusiyada təhsil alacaq indoneziyalı tələbələrin sayının artırılmasından məmnun olacaqlarını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"