Evi yanan kənd sakininə kömək ediləcəkmi? - VİDEO

Evi yanan kənd sakininə  kömək ediləcəkmi? - VİDEO

Dünən İsmayıllı rayonu Mollaisaqlı kəndinin sakini Mürsəlov Nofəl Mürsəl oğlunun evi yanıb.  

İlkin səbəb kimi çöldən gələn elektrik naqilində qısaqapanmanın baş verdiyi güman edilir. Evin sahibi 3 övlad atasıdır.

İki övladı yüksək nəticə ilə unveristitetə daxil olan ailənin bir övladı məktəblidir. Uşaqların təhsili ilə əlaqədar ev sahibi Bakıda olub. Ona hər hansı kompensasiya verilib- verilməyəcəyi məlum deyil.  Yanğın zamanı ev sahibinin bütün malı-mülkü yanıb. 

Baş vermiş hadisə ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinin Mollaisaqlı ərazi idarəetmə dairəsi üzrə nümayəndəsi Həşim Həşimov “Cebheinfo.az”-a bildirdi ki, artıq hadisənin başvermə səbəbi məlumdur: 

“Hadisə qısaqapanmadan baş verib. Anası kənddə müəllim işləyir. Evin sahibi Nofəl Mürsəlov "Son zəng"dən 2-3 gün sonra uşaqları ali məktəbə qəbul olduğu üçün Bakıya getmişdi. Ancaq indi ev yanıb, heç nə qalmayıb.  

Ev sığortalı deyil. Təmizlik işləri aparıldı. İcra nümayəndəliyinin elə bir vəsaiti yoxdur ki, kiməsə ev tiksin. Kənddə belə hadisə baş verəndə sakinlər kömək göstərirlər. Kimin gücü nəyə çatır, kömək edir. Kənddən olan iş adamları da dəstək olurlar. 

Ötən il də bir ev yanmışdı ki, kənd camaatının dəstəyi ilə ev tikildi. Bələdiyyədən gəlib baxdılar, söz verdilər ki, müəyyən materialın alınmasında kömək göstərəcəklər".

O bildirib ki,  vətəndaşların evlərini sığortalanması yaxşı olardı:

"Ancaq çoxları da bunu etmir. Bu da təsadüfi olan  haldır. Bələdiyyə dam örtüyünün bərpasına  yardım edəcəyinə söz verib ki, bu da 3-4 min manat təşkil edir. Kənddən Bakıda yaşayan sakinlər var ki, belə hadisə baş verdikdə pul toplayaraq, nəyə ehtiyac varsa, onun alınmasına dəstək olurlar. Camaatımız belə işlərdə mütəşəkkildir. Ay yarıma yəqin tikilib başa çatacaq. Ev sahibinin əmiləri də Rusiyada yaşayırlar ki, onlar da dəstək olacaq. Ev sahibi özü də ustadır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”