Süleyman Soylu siyasətdən gedir

Türkiyənin sabiq daxili işlər naziri, deputat Süleyman Soylu son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, o, siyasətdən gedəcəyini açıqlayıb.
Süleyman Soylu Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dönəminin sonunda aktiv siyasəti buraxacağını elan edib:
"Biz siyasətdə bir tərəfik. Bizim tərəfimiz də çox açıqdır. Bu gün Rəcəb Tayyib Ərdoğan hansı prinsipləri cızırsa, bizim də tərəfimiz odur. Ərdoğan da Türkiyə üçün yüzillik bir siyasi yol çəkdi. Yəni bir Ərdoğan siyasəti formalaşdı. Bu, çox aydındır.
Mən daha əvvəl Rəcəb Tayyib Ərdoğanın siyasətdən gedəcəyi gün aktiv siyasəti buraxacağımı demişdim. Çünki mənim siyasi prizmam Ərdoğanla birlikdədir. Mən zamanında siyasətdən getmişdim, amma o məni yenidən qaytarmışdı. Allah min dəfə razı olsun".
O, deputat kimi faydalı olmadığını deyib:
"Millət vəkili tam başqa bir şey oldu. Mən faydalı ola bilmirəm.
Hətta indiki fəaliyyətimlə bağlı bəyənmədiyim nüanslar var. Lakin buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsi üçün mən də əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Süleyman Soylu hakim Ədalət və İnkişaf Partiyası (AKP) dönəmində ən uzun müddət daxili işlər naziri olan şəxs kimi tarixə düşüb.
O, 2023-cü ildən isə fəaliyyətinə millət vəkili kimi davam edir.
Elmir Mustafa
"Cebheinfo.az"