Hüseynbala Mirələmov Hadi Rəcəblidən danışdı: ““Uşaq pulu”nu kəsib, pensiya yaşını qaldırıb..."

Hüseynbala Mirələmov Hadi Rəcəblidən danışdı: ““Uşaq pulu”nu kəsib, pensiya yaşını qaldırıb..."

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

“Cebhe.info” onun ən yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Hüseynbala Mirələmov dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:

“Bu gün mən uşaqlıq dostumu, sinif və partiya yoldaşımı itirmişəm. Hazırda çox pisəm, özümə gələ bilmirəm, onun yoxluğunu qəbul edə bilmirəm. Amma nə etmək olar həyatdır. Uzun müddət vətənə, dövlətə və dövlətçiliyə xidmət etmişdir. Parlamentin ən aktiv deputatlarından biri olub. Hətta ona aid olmayan məsələni belə Milli Məclisin iclasında müzakirəyə çıxardırdı”.

Həmsöhbətimiz sosial şəbəkələrdə həmkarı haqqında mənfi rəy yazanlara da cavab verib.

“O, vətənə xidmət etmiş adamdır. Rəylərdə yazırlar ki, “uşaq pulu”nu kəsib, pensiya yaşını qaldırıb. Lakin onun belə bir səlahiyyəti olmayıb. Məhz sosial şəbəkələrdə başqa dövlətin qəbul etdiyi qərarları da onun adına yazırlar. O daha çox xalqın problemlərini həl etməyə çalışıb. Onun haqqında bu cür fikirlər səsləndirmək doğru deyil”.

Həsən Məmmədov
“Cebhe.info”