İşçini məktəbə buraxmayan direktor: “Nə şəhadətnaməsi, nə də attestatı var”

İşçini məktəbə buraxmayan direktor: “Nə şəhadətnaməsi, nə də attestatı var”

Sosial şəbəkədə Bakı şəhəri R.Əliyev adına 3 nömrəli məktəbdə işçinin içəri buraxılmamasına aid videogörüntülər paylaşılıb.

Görüntüdə məktəbin direktorunun qapıları bağlatdıraraq, işçinin içəri daxil olmasına maneə yaratdığı yer alıb. Məktəbin yaydığı məlumata görə, sözügedən videogörüntünü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri çəkib. Qeyd edilib ki, işdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur:

"Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Məlumatda keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə etməsi, yerə su tökməsi və s.) narahat olunduğu üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub. Bu cür halın nədən qaynaqlandığı və təsərrüfat işləri üzrə müavinin hansı səbəbdən işdən kənarlaşdığını öyrənmək üçün adıçəkilən təhsil müəssisəsi ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı Bakı şəhəri R.Əliyev adına 3 nömrəli məktəbin direktoru Almaz Həsrət Cebhe.info-ya açıqlamasında bildirib ki, sabiq işçiyə şans verərək iki seçiminin olduğunu deyiblər:

“İki ildir, mən bu məktəbə direktor vəzifəsinə təyin olunandan bu məsələ işıqlandırılır. ümumiyyətlə, səhlənkar olduğu, davamlı öz vəzifəsini, iş fəaliyyətini düzgün icra edə bilmir. Yazı yaza bilmir, heç tam orta təhsili də yoxdur. Dedik ki, eybi yoxdur, insandır. Amma gördük ki, fəaliyyət planından anlayışı yoxdur, yazı yaza, hesabat verə, öz vəzifə səlahiyyətlərini icra edə bilmir. Onunla əlaqədar biz ona iki seçim vermişdik, o seçimlərdən biri başqa yerə işini dəyişmək və yaxud da ərizə yazaraq olmayan təhsilinə uyğun texniki işçi kimi işləyə bilməkdən ibarətdir”.

Direktor onun təhsilinin olmaması üçün işdən çıxarılmadığını deyib:

“Nə şəhadətnaməsi, nə də attestatı var. Təsərrüfat işləri üzrə direktor müavinlərinin minimum orta ixtisas təhsili olmalıdır. Biz bunu da əsas götürmədik. Fikirləşdik ki, bəlkə də bacarıqlı işçi olar. Amma bacarıqsızlığı özünü aylarla göstərdi”.

Günay Şahmar
Cebhe.info