Avropanın yeni turizm formulu: Azərbaycan isə bu sektorda geriləyir

Avropanın yeni turizm formulu: Azərbaycan isə bu sektorda geriləyir

Paris, London, Vyana, Münxen və Dublin kimi aparıcı Avropa şəhərləri turizm modellərini dəyişdirəcək yeni tədbirlər həyata keçirməyə başlayır.

“Cebheinfo.az” xəbər verir ki, "Travel and Tour World"-in məlumatına görə, şəhərlər yeni turist vergiləri, rəqəmsal giriş icazələri və mədəni irsin qorunması üçün maliyyə qaydaları vasitəsilə turizm gəlirlərini artırmağı və tarixi yerləri qorumağı hədəfləyirlər.

Paris 2026-cı ilin yanvar ayından etibarən turist vergisini demək olar ki, ikiqat artıracaq yeni bir sistem tətbiq edir. Buna uyğun olaraq, otellərdə gecələmələrə əlavə olunan vergi dərəcələri əhəmiyyətli dərəcədə artırılacaq.

Lüks otellərdə gecəlik əlavə verginin 15-93 avroya çatacağı və aşağı seqmentli yaşayış yerlərində də artımların müşahidə olunacağı bildirilir.

Rəsmilər əldə edilən gəlirin metro xətlərinin modernləşdirilməsi və tarixi binaların qorunması üçün istifadə ediləcəyini iddia edirlər.

Şəhər administrasiyası bildirir ki, bu addım Parisin qlobal mədəni turizm məkanı kimi mövqeyini qorumaq üçün zəruridir.

Vyanada yerli gecələmə vergisi (“Ortstaxe”) 2026-cı ilin iyul ayından etibarən 3,2 %-dən 5 %-ə qədər artırılır. Plana görə, bu dərəcə 2027-ci ilə qədər 8 faizə çatdırılacaq.

Şəhər administrasiyası artan gəlirlərin ictimai nəqliyyata investisiya qoyuluşlarına, muzeylərin təmirinə və tarixi binaların qorunmasına sərf olunacağını bildirir. Qərar bəziləri tərəfindən tənqid olunsa da, uzunmüddətli maliyyə dayanıqlığı üçün zəruri addım kimi qəbul edilir.

Londonda hökumət turistlərin qaldıqları müddətdə əlavə ödəniş etmələrini tələb edən "ziyarətçi vergisi" üzərində işləyir. Bu tədbir ictimai xidmətlərin və mədəni sahələrin maliyyələşdirilməsi üçün gəlir əldə etməyi hədəfləyir.

Bundan əlavə, vizaya ehtiyacı olmayan ziyarətçilər üçün 20 funt sterlinq dəyərində Elektron Səyahət Səlahiyyəti (ETA) sistemi tətbiq edilir. Bu sistemin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğu bildirilsə də, turizm xərclərini artıran əlavə bir yük hesab olunur.

Digər şəhərlərdən fərqli olaraq, Münxen turist vergisi əvəzinə ziyarətçilərə üstünlük verən kart sistemlərini tətbiq edir. “Münxen kartı" və " Münxen şəhər pass" ilə turistlərə pulsuz və ya endirimli ictimai nəqliyyatdan istifadə, eləcə də muzeylərdə və tədbirlərdə üstünlüklər təklif olunur.

Kartların qiymətlərinin 5,90 avrodan başlayacağı deyilir. Şəhər bu modellə şəhər daxilində ziyarətçilərin xərclərini artırmağı və turizm təcrübəsini asanlaşdırmağı hədəfləyir.

Dublində otelləri və yaşayış yerlərini əhatə edən yeni ziyarətçi vergisi müzakirə olunur. Bildirilir ki, bu vergi şəhər xidmətləri və ictimai məkanların saxlanması üçün resurslar yaradacaq. 

Lakin tətbiqin Dublinin turizm cəlbediciliyinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar var. Qeyd olunur ki, qərar hələ qəti deyil və müzakirələr davam edir.

Beləliklə, Paris, London, Vyana, Münxen və Dublin tərəfindən atılan bu addımlar Avropa turizmində yeni bir dövrü göstərir. Şəhərlər artan turist sayının yaratdığı iqtisadi və infrastruktur təzyiqini eyni zamanda idarə etməklə yanaşı, mədəni irsi qorumağı hədəfləyirlər.

Mütəxəssislərin fikrincə, bu yeni model Avropada turizm xərclərini artırır və şəhərlərin gəlir strukturunu kökündən dəyişdirir. Turist vergiləri və rəqəmsal icazələr Avropa səyahət təcrübəsinin standart hissəsinə çevrilir.

Azərbaycanda turizmin inkişafı prioritet elan edilsə də görünən odur ki, bu sektor sadəcə yerində sayır. Bunu ölkəyə gələn turistlərin sayının artması əvəzinə, davamlı olaraq azalmasından da görmək mümkündür.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 25,9 faizi Rusiya, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3,0 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1,0 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Turizmin inkişaf etdiyi ölkələrdə artıq bu sahədə müxtəlif layihələr reallaşdırmaqla nəinki gəlirləri artırmaq, hətta vergilər hesabına ölkənin infrastrukturu, mədəniyyət mərkəzlərinin bərpası və qorunması nəzərdə tutulur.

Bizdə isə əksinə, yeni layihələrlə çıxış etmək əvəzinə turistləri müxtəlif səbəblərlə ölkəmizdən daha da uzaqlaşdırırıq. Məsələn, bugünlərdə Xızı rayonunun Altıağac qəsəbəsində məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı məlumat yayılmışdı. Zibil qutusunun olmaması səbəbindən nəinki qəsəbədə, hətta oradan axan çay da çirklənib. 

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, məişət tullantılarının toplanması və daşınması xidmətlərinin təşkili üçün sakinlərin kollektiv şəkildə müqavilə bağlaması lazımdır.

Buradan belə aydın olur ki, məşhur turizm bölgəsində yaranmış antisanitar vəziyyət müvafiq qurumları narahat etmir və yalnız sakinlərin müraciətindən sonra problemi həll edə bilər.

Yəni bu onu göstərir ki, turizmin inkişafı məhz belə laqeyd yanaşmaların, bu sektorun geriləməsinin səbəblərindən biridir. Bu kimi problemlər davam etdikcə, nəinki yeni layihələr reallaşacaq, turist sayı daha da azalacaq.

Nigar Abdullayeva
"Cebheinfo.az"