Azərbaycana kartof niyə idxal edilir?

Azərbaycana kartof niyə idxal edilir?

Gürcüstanın 7 ayda ixrac etdiyi kartofun 81 %-i Azərbaycanın payına düşüb. 

Bildirək ki, Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var: yeməklərimizin çox böyük hissəsi kartofla bişirilir. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Buna görə də ölkə üzrə istehlak olunan kartofun 90 faizə yaxını məhz əhalinin şəxsi istehlakıdır.

Halbuki dünyada kartofun təzə halda istehlakı ümumi istehsalın heç yarısı qədər deyil. Kartof xüsusilə inkişaf etmiş ölkələrdə əsasən emal sənayesində, heyvandarlıq və quşçuluqda daha çox istehlak edilir.

Maraqlıdır, Azərbaycanın Gürcüstandan kartof idxal etməsinə səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkədə kənd təsərrüfatında ciddi nöqsanlar var:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə kənd təsərrüfatı üzrə uğurlu bir model qurulmadı. Belə ki, əksər fermerlər Sovetlər dönəmindəki kolxoz modelindən qalma nə vardısa, yəni kənd təsərrüfatı texnikalarını dəyər-dəyməzə kimə gəldi satdılar. Sonradan fermerlərin bir qismi ya kənddən köcdülər, ya da Bakıda məskən saldılar. Hazırda bu hal Azərbaycansayağı urbanizasiya kimi xarektirizə oluna bilər. Bildirim ki, 1990-ci illərdə, yəni özəlləşdirmə dönəmində bir çox sahələr iflasa uğradığı kimi, kənd təsərrüfatı da bundan zərər gördü”. 

Onun fikrincə, dünyada baş verən urbanizasiya prosesi əsasən kənd təsərrüfatına çox ciddi zərər verir:

“Bu gün bütün dünyada urbanizasiya, sənayeləşmə və digər proseslər getdiyinə görə kənddən şəhərə axın edən vətəndaşların sayıda da artım var. Bu da ilk növbədə bölgələrdə ucuz işçi qüvvəsinin sayına mənfi təsir edir. Bununla belə, yeni nəsil ağır kənd həyatına uyğunaşa bilmir, çətinlik çəkirlər. Kəndlərdə əkinçiliyə də maraq azalıb. Bu da əkinçiliyə mənfi təsir göstərir”.

Vüqar Qocayev bildirib ki, bu gün ölkəmizin kartofa olan təlabatı artıb:

“Hazırda əhali sayının artmasını və digər faktorları nəzərə alsaq kartof istehsalının həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxaltmaq lazımdır. Bunun üçün bir neçə bölgədə kartof istehsalını artırmaq olar. Məsələn, aran rayonlarında bu potensial mövcuddur. Qeyd edim ki, amma qeyri-sabit hava şəraiti isə idxalın çoxalmasına səbəb olur. Ancaq bu vəziyyəti önümüzdə gələn illərdə dəyişmək mümkündür.

Bunun üçün isə dövlət fermerlərə dəstəyini artırmalıdır. Fermerlərə dövlət tərəfindən müəyyən qədər subsidiyalar, güzəştli kreditlər, texnikalar və digər dəstəklərin sayı artırılmalıdır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Əgər Qarabağda kənd təsərrüfatı inkişaf edilərsə, o zaman bütün meyvə və tərəvəzlərin istehsalı da arta bilər”.

Həsən Məmmədov
“Cebheinfo.az”