Məşhur şirkətlərin 100 milyardlarla itkisi Neft Fondunun gəlirini azaldıb? - ÖZƏL

Məşhur şirkətlərin 100 milyardlarla itkisi Neft Fondunun gəlirini azaldıb? - ÖZƏL

Azərbaycan Dövlət Neft Fondu "Tesla", "Meta", "Microsoft", "NVIDIA", "Apple", "Google" kimi şirkətlərə böyük yatırımlar edib. Hazırda bu şirkətlər birjalarda sürətlə dəyər itirməkdədir. Eyni zamanda, neftin qiyməti də ucuzlaşmaqdadır.

Artıq 100 milyardlarla olan itkilər Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinə də ciddi təsir göstərəcəkmi? 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Fondundan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq verilən məlumata görə, maliyyə bazarlarında baş verən müəyyən hadisələrlə bağlı qısamüddətli dalğalanmalar səhm bazarlarına da təsirsiz ötüşmür, lakin səhmlər tarixi olaraq uzunmüddətli perspektivdə daha stabil və yüksək gəlirli aktivlər hesab olunur: 

“Məsələn, 2022-ci ildə səhmlərin qiymətində azalma müşahidə olunsa da, 2023-cü və 2024-cü illərdə artım qeydə alınıb ki, bu da bazarın dövrilik xarakterini əks etdirir. Qlobal investor kimi diversifikasiya olunmuş portfelə malik olan ARDNF qısamüddətli bazar dalğalanmalarının mənfi təsirini minimuma endirmək üçün effektiv strategiyaya malikdir. 

Suveren fondların təcrübəsi kontekstində yüksək diversifikasiya olunmuş səhm portfelinin qurulması hər hansı bir şirkətin bazar dəyərinin əhəmiyyətli itkilərindən portfelə təsirini azaltmağa hesablanmışdır. Bu çərçivədə Fond səhm altportfelinin idərə etməsində qlobal səhm bazarı indeksi olan “MSCI World” indeksini bençmark olaraq izləyir ki, sözügedən indeksdə də 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1395 şirkətin səhmləri toplanmışdır”. 

Bundan əlavə, Fond səhm investisiyaları üzrə kotirovka olunan səhmlərlə yanaşı, həm də özəl səhm bazarlarına şaxələndirilmiş portfelə malikdir: 

“Bu isə bazarda müşahidə olunan şirkət və sektor spesifik risklərin təsirini daha da azaltmağa imkan yaradır. Fərqli aktiv sinifləri, regionlar və sektorlar üzrə diversifikasiya, ARDNF-yə risklərin idarə olunmasını və uzunmüddətli sabitlik və gəlir potensialının qorunmasını təmin edir. Bu səbəbdən, müəyyən dövrdə bəzi aktivlərin qiymətində baş verən müvəqqəti azalma uzunmüddətli dövr üçün Fondun ümumi investisiya portfelinə əhəmiyyətli təsir göstərmir. Qeyd edək ki, 31 mart 2025-ci il tarixinə olan məlumata görə, ARDNF səhm indeksləri strategiyası üzrə yaranma tarixindən etibarən 249% gəlirlilik əldə edib”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”