Ölkədə pul bazası niyə artıb?
Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 % azalıb, son 1 ildə isə 12,2 % artıb.
Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, pul bazasının iqtisadi inkişafda rolu böyükdür:
“Bu göstəricinin iqtisadi artıma müsbət təsiri var. Belə ki, bunun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq azalsın. Hər bir amil Mərkəzi Bank tərəfindən diqqətə alınmalıdır ki, pul bazası artsın. Bu məsələdə tənzimləyici və təsiredici amillər mühüm rol oynayır.
Bildirim ki, pul bazasının artırılması prosesi əsasən kreditlərin verilməsi, yaxud da əlavə pul emissiyasının həyata keçirilməsi, dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması, ya da artırılması yolu ilə idarə olunur”.
Ekspert hesab edir ki, pul bazasının artırılması üçün stimullaşdırıcı mexanizm formalaşdırmalıdır:
“Burada iki əsas prinsipi nəzərə alınmalıdır. İlk olaraq mənfəətlər, digəri isə mənfəətlərin əldə olunması üçün səmərələlilik prinsipi sayəsində pul bazasını inkişaf etdirmək lazımdır. Əks halda pul bazasının artması və yaxud azalması kimi göstəricilər özünü səbəb yox, məhz nəticə rolunda büruzə verə bilər. Həmçinin, ölkəyə valyuta axınının da artırmaq lazımdır”.
Həsən Məmmədov
“Cebheinfo.az”