Akif Nağı: “Şimali Kiprin müstəqilliyinin tanınmasının vaxtı çatıb”

Akif Nağı: “Şimali Kiprin müstəqilliyinin tanınmasının vaxtı çatıb”

“Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya bilər”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisələrin gedişatı Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağını göstərir: 

“Artıq bununla bağlı aydın əlamətlər görünür. Azərbaycandan Şimali Kiprə nümayəndələr gedir, orada görüşlər keçirirlər. Həmçinin, Şimali Kipr nümayəndə heyəti də tez-tez Bakıya gəlir və Prezident İlham Əliyev tərəfindən qəbul olunur. 

Yəni son zamanlar Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı əlaqələr inkişaf etməkdədir. Biz də Azərbaycanla və Türk dünyası ilə bağlı gedən prosesləri diqqətlə izləyirik. Böyük ehtimalla, Şimali Kipr Türk Respublikası tezliklə Türk Dövlətləri Təşkilatına da üzv ola bilər. Artıq müəyyən tədbirlərdə Şimali Kipr Türk Respublikasının nümayəndələri iştirak edirlər”. 

Partiya sədri hesab edir ki, 5-6 iyulda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması istiqamətində addım atıla bilər: 

“Şuşada keçiriləcək tədbirdə Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması ilə bağlı addım atıla bilər. Ən azından bununla bağlı hansısa bəyannamənin qəbul olunması mümkündür. Proseslər bu istiqamətdə gedir. Hesab edirəm ki, bu da çox düzgün və obyektivdir. Əslində Şimali Kiprin müstəqilliyinin tanınması hər zaman gündəlikdə olub. Sadəcə olaraq Azərbaycan torpaqları işğal altında qaldığı uzun illər ərzində ermənilərin bu məsələni manipulyasiya etməməsi üçün bir qədər tərəddüd edirdi. Baxmayaraq ki, müttəfiqimiz olan Türkiyə Şimali Kiprin müstəqilliyini əvvəldən tanıyıb və hərtərəfli münasibətlər qurub. Yəni rəsmi Bakı ermənilərin bizə qarşı bundan bizə nə isə istifadə edə bilməməsi üçün gözləmə mövqeyində idi. Amma artıq məsələlər tamamilə həll olunub. Azərbaycanın da çəkinəcəyi bir yeri yoxdur”. 

Akif Nağı vurğulayıb ki, artıq Şimali Kiprin müstəqil dövlət kimi tanınmasının vaxtı çatıb:

“Yəqin ki, Şuşadakı zirvə toplantısından sonra bu istiqamətdə qərar qəbul oluna bilər. Azərbaycanın da yaxın zamanda Şimali Kiprin müstəqilliyini tanıyacağına inanıram. Türk Dövlətləri Təşkilatındakı ölkələrin də bu addımı atması gözlənilir. Təkcə Türkiyə və Azərbaycan deyil, digər türk dövlətləri də Şimali Kiprin müstəqilliyini tanıya bilər”. 

Partiya sədri qeyd edib ki, Rusiyanın da Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağı gözlənilir:

“Düşünürəm ki, yaxın zamandan Rusiya tərəfindən bu addım atıla bilər. Hazırda dünyada gedən qütbləşmə fonunda Kreml də artıq öz mövqeyini aydınlaşdırmalıdır. Nəzərə almaq lazımdır ki, Qərb uzun illər ərzində Şimali Kiprə qarşı qərəzli mövqe sərgilədi. Hansı ki, uzun müddət əvvəl Şimali Kipr və Cənubi Kiprin eyni vaxtda BMT-yə üzv olması məsələsi gündəmə gəlmişdi. Şimali Kipr rəhbərliyi məsələyə müsbət yanaşsa da, Qərb qərəzli mövqe tutdu. Nəticədə, sadəcə Cənubi Kipr BMT-yə qəbul olundu. Hesab edirəm ki, artıq Qərbin bu cür qərəzli mövqeyinə Rusiya və digər ölkələr tərəfindən adekvat addımlar atılmalıdır. Üstəlik, Şimali Kiprin tanınması məntiqli qərar olar”. 

Elmir Mustafa
"Cebhe.info"