Ermənilərin ekoloji terroru davam edir: “Onlar Helsinki konvensiyasına imza atmırlar” – MÜSAHİBƏ

Ermənilərin ekoloji terroru davam edir: “Onlar Helsinki konvensiyasına imza atmırlar” – MÜSAHİBƏ

Ermənistan 30 illik işğal dönəmində Azərbaycana qarşı ekoloji terror həyata keçirib.

Qonşu ölkənin transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib.

Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb. Ermənistan öz iqtisadi maraqlarını öndə tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb. BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir.

BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır.

Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Bundan başqa Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ mədən sənayesi müəsisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. 

Bu gün Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ciddi ekoloji təhdid halına gəlib.

Qonşu ölkə bütün bunları imza atdığı beynəlxalq konvensiyaları pozaraq həyata keçirir. Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır.

Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır.

Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir.

Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Ermənistanın ekoloji terrorunu dayandırmaq olarmı? Qonşu ölkəni 30 il ərzində vurduğu ziyana görə hər hansı cəza gözləyirmi?

"Cebhe.info"-nun budəfəki müsahibi coğrafiya üzrə fəlsəfə doktoru Rza Mahmudovdur.

- Rza müəllim, bu gün hansı transərhəd çaylarımız çirklənməyə məruz qalır?

- Son dövrlərdə qlobal iqlim dəyişiklikləri ciddi fəsadlar verib. Qlobal iqlim dəyişmələri su problemini də ortaya çıxarıb. Bu gün dünyada iki təbii problem varsa, biri iqlim dəyişmələri və su problemidir. Bu məsələlər bir-birindən asılıdır. Daha doğrusu su problemi iqilm dəyişmələrindən asılıdır.

İqlim dəyişmələri dünyada hər bir sahəyə: biomüxtəlifliyə, canlı aləmə təsir göstərir. Təsir göstərirsə, onların əsas iqlim dəyişmələrini formalaşdıran dünyanın su obyektləri: nəhəng okeanlardan tutmuş göllərə, yeraltı sualara qədər təsir göstərir. Bu, məsələnin kəmiyyət göstəricisidir. 

Bir də var keyfiyyət göstəricisi. Suları qiymətləndirən iki əsas meyar var: 

kəmiyyət və keyfiyyət göstəriciləri. Kəmiyyət göstəriciləri ilbəil dəyişir və qısaca olaraq iqlim dəyişmələrinin təsirinə dünyada səth su ehtiyatlarının, hətta yeraltı su ehtiyatlarının illik axımı azalır. Bu çaylarda da özünü göstərir, göllərdə də. Bu su-balans elementləri ilə bağlıdır. Özünü yağıntıların azalması, quraqlığın, buxarlanmanın artmasında göstərir. Amma suların kəmiyyət göstərici birbaşa dünyada artan əhalinin suya olan tələbatının  artması, su obyektlərinin çirklənməsi: istər daxili çirklənmə, istər transsərhəd çirklənməsi və sularının keyfiyyətinin aşağı düşməsi ilə bağlıdır. Bir tərəfdən suların kəmiyyət göstəricisi azalıb, bir tərəfdən də suların keyfiyyət göstəriciləri aşağı düşüb. 

Burada suya olan tələbat artıb. İstər məişət suyuna, yəni içməli suya, istərsə də kənd təsərrüfatında istifadə olunan sulara olan tələbat artıb. Dünyanın 30-dan çox ölkəsi eyni çay hövzələrində yerləşirlər. Onlara transərhəd çayları deyilir. Yəni o çaylar ölkələrin inzibati sərhədlərini tanımır. Təbii axımdır, bir ölkədən digər ölkəyə keçir. Məsələn, Avropada Dunay çayı, bizdə Kür çayı və s. Bu baxımdan, dünya çay ehtiyatlarından səmərəli istifadə etmək üçün həm kəmiyyət və həm də keyfiyyət göstəricilərini saxlamaqdan ötrü 1992-ci ildə Finlandiyada keçirilən toplantıda Helsinki konvensiyası qəbul olunub. 

Orada YUNESKO-nun, BMT-nin və digər  beynəxalq təşkilatların, o cümlədən alimlərin iştirakı ilə bu konvensiya qəbul olunub. O konvensiyanın mahiyyəti ondan ibarətdir ki, transərhəd ölkələrdə çay və sərhəddə yerləşən göllərin suyundan səmərəli məqsədlərlə istifadə etmək üçün o konvensiyanın bəndlərinə əməl olunmalıdır. Bizdən yuxarıda yerləşən ölkə, məsələn, Gürcüstanın heç zaman Kürün suyunu kəsib istifadə etməyə hüququ yoxdur. Hətta tələbatı olsa belə. Halbuki qonşu ölkələrin, Gürcüstanın və Ermənistanın suya olan tələbatı bizdən azdır.

Adambaşına olan su ehtiyatı onlarda bizdən qat-qat çoxdur, nəinki bizdə. Çünki biz Kürün aşağı hissəsində yerləşirik. Çay da lanşaftın bir elementidir. Çayda biomüxtəlifliyi saxlamadan ötrü çay öz ekoloji axımını saxlamalıdır. Çayın yuxarı mənbəsində yerləşən ölkələr çayın suyundan elə istifadə etməlidir ki, aşağı da axmalıdır. Və ya Azərbaycan da istifadə etməlidi, lakin o çayın suyu Xəzər dənizinə çatmalıdır. Canlı aləmi saxlamaqdan ötrü Kür Xəzərə axmalıdır. Buna ekoloji axım deyirlər. Bunun üzərinə çirkləndiric mənbələri də gələndə, o cümlədən Helsinki konvensiyasında göstərilir ki, həmin ölkələr ora qoşulmalıdır. 

Onlar beynəlxalq normativlərə əsasən o çayın çirklənməsində məsuliyyət daşıyırlar. Onlar transərhəd çayını lazım olan normadan artıq çirkləndirməməlidirlər. Kür və Araz çayları mənbəyini Türkiyə ərazisindən götürür. Lakin onlar mənbədən o qədər də çirklənmir. Bu çaylar (Araz) əsasən Ermənistan ərazisində, Kür isə Gürcüstan ərazisində çirklənməyə məruz qalır. Çaylara məişət, sənaye, kənd təsərrüfatı tullantıları axıdılır.

Ermənistanın dağ-mədən sənayesi müəssisələri transsərhəd çaylarını daha çox çirkləndirir. Məqsədsiz və məqsədli şəkildə çaylarımız çirkləndirilir. Bu üzdən onlar Helsinki konvensiyasını imzalamaqda maraqlı deyillər. Biz ölkəmizin su ehtiyatını həm kəmiyyət, həm də keyfiyyət baxımından qorumaq məqsədilə Helsinki konvensiyasına qoşulmuşuq və qonşuların da bu sənədə qoşulmasında maraqlıyıq. 

Çünki biz hər iki çayın Kür və Arazın aşağı axımında yerləşirik. Biz Helsinki konvensiyasının yerinə yetirilməsində çox maraqlıyıq. Amma çox təəssüf ki, Gürcüstan da, Ermənistan da bu konvensiyaya qoşulmurlar. 

- Onları konvensiyanı imzalamağa necə məcbur etmək olar?

- Konvensiyanın imzalanması tələbi dövlət tərəfindən qoyulur. Beynəlxalq təşkilatlarda məsələ qaldırılır. Bu, YUNESKO-nun milli proqram üzrə komitəsində müzakirə olunub. Həm Cenevrədə, həm Parisdə, həm Helsinkidə keçirilən toplantıların əksəriyyətində iştirak etmişəm və bu məsələni qaldırmışam. Sonuncu  dəfə bu toplantı keçən il iyun ayında Moldovada keçirildi. 

Avropa İttifaqının su üzrə təşəbbüs qrupunun keçirdiyi dialoqda əsasən Cənubi Qafqazdan: Gürcüstan, Ermənistan, Moldovadan, bizdən çoxsaylı nümayəndə iştiak edirdi. Mən orada türklərin, ermənilərin, gürcülərin, Avropa nümayəndələrinin iştirak etdiyi tədbirdə məsələni qaldırdım.
Orada bildirdim ki, biz Helsinki konvensiyasına imza atmışıq, ancaq qonşularımız öz siyasi marağına uyğun olaraq Helsinki konvensiyasına imza atmırlar. Sual verdim ki, bununla bağlı hansı tədbirləri görə bilərsiniz? Ümumi cavab verdilər ki, biz bunu bilirik, müvafiq işlər görülür.

Tədbirlərdə məsələnin qoyuluşu hər səviyyədə olur. Ancaq bu məsələdə gürcülərlə daha yaxşı dialoq apara bilirik, nəinki ermənilərlə. Ancaq bu məsələdə dövlət qurumları da ayrı-ayrı vətəndaşlar da, alimlər, vətəndaş cəmiyyəti fəalı da öz mövqeyini bildirməlidir.

- Ermənistanın işğal zamanı və sonrakı dönəmdə törtədiyi ekoloji cinayətlərə beynəlxalq qiymət verilməsi mümkündürmü?

- Ermənistanın ekoloji terroru Azərbaycanın çaylarına, meşə fonduna ciddi şəkiləd ziyan vurub. Azərbaycanın müvafiq dövlət qurumlarında bu ziyana dair konkret rəqəmlər var. Bu məlumatlar da beynəlxalq təşkilatlara təqdim edilir. Qalır beynəlxalq təşkilatların məsələyə qiymət verməsi.

Son 30 ildə ermənilər Qarabağda, Şərqi Zəngəzurda yaşayış məntəqələrini darmadağın edib, daşı daş üstündə qoymayıb. Buna dair məlumatları da təqdim edilib. Lakin beynəlxalq təşkilatların hansısa effektiv addımı olubmu? Ermənilərin vurduğu ziyanla bağlı təzminat tələb olunsa ömür boyu illik büdcələrini də versələr qurtara bilməzlər.

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.

Cavid Şahverdiyev

"Cebhe.info"