İrfan Kaya Ülger: “Paşinyan devrilərsə, sülh müqaviləsi imzalanmayacaq” -MÜSAHİBƏ

İrfan Kaya Ülger: “Paşinyan devrilərsə, sülh müqaviləsi imzalanmayacaq” -MÜSAHİBƏ

“Yaxın Şərq beynəlxalq güc mərkəzlərinin rəqabət meydanına çevrilir. Artıq bu regionda Türkiyə və İran da öz sözünü deyir. Onu da vurğulamaq lazımdır ki, regionda münaqişənin genişlənməsi bəzi beynəlxalq güc mərkəzlərinin maraqlarına xidmət edir. O ki qaldı Cənubi Qafqazda bundan sonrakı proseslərə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını qənaətindəyəm”. 

Bu sözləri Türkiyənin Kocael Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinin professoru İrfan Kaya Ülger “Cümhuriyət” qəzetinə müsahibəsində Yaxın Şərq, Cənubi Qafqaz və Ukraynada baş verən hadisələr, eləcə də regional proseslərin bir-birinə qarşılıqlı təsiri barədə fikir mübadiləsi apararkən bildirib. 

Ekspert müsahibəsində önəmli məqamlara toxunub. 

- İsrail ilə HƏMAS arasında müharibə davam edir. Bu müharibəyə Livanda “Hizbullah” və Əsəd rejiminin də qoşulması ehtimal olunur. Yaxın zamanda Yaxın Şərqdə böyük insan itkisinə səbəb olacak müharibənin baş verməsinə şahid ola bilərik? 

-Bəli, oktyabrın 7-dən bu günə kimi davam edən HƏMAS-İsrail toqquşmalarının geniş bir regiona yayılması və böyük müharibəyə çevrilməsi təhlükəsi var. Doğrudur, Fələstin Azadlıq Təşkilatı və İordan çayının qərb sahilində - Qərbi Şəriədə yaşayan fələstinlilər bu toqquşmalara qoşumayıb. Livanda “Hizbullah”ın və Suriyada İran tərəfindən dəstəklənən hərbi birləşmələrin İsrail-Fələstin bölgəsindəki müharibəyə qoşulacağı təqdirdə Suriya, İran və bəzi ərəb ölkələrinin də prosesə cəlb olunacağı istisna deyil.

Doğrusunu desək, beşinci İsrail-Ərəb müharibəsinə şahidi ola bilərik. Amma ABŞ İsrail üzərindəki təsir imkanlarından istifadə edərək bu müharibənin geniş vüsət almamasına çalışır. Vaşinqtonun Şərqi Aralıq dənizi sahillərinə qırıcı təyyarə daşıyan iki gəmisini göndərməkdə əsas məqsədi müharibənin bütün regiona yayılmasının, ən əsası da “Hizbullah” və İrana bağlı hərbi birləşmələrin bu müharibəyə qoşulmasının qarşısını almaqdır. 

-ABŞ nə üçün müharibənin regiona yayılmasını istəmir? 

-Çünki bu müharibəyə təkan verən elə ABŞ-ın özüdür. Hərbi toqquşmaların ilk günlərində ABŞ İsrailə 4 milyard dollar dəyərində yardım edib. Bununla bərabər, 2016-ci ildə ABŞ-la İsrail arasında on illik 38 milyard dollar dəyərində hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Bu sazişə əsasən, ABŞ İsrailə hər il heç bir qarşılığı olmadan 3,8 milyard dollar hərbi yardım edir.

Bundan başqa, ABŞ Prezidenti Co Bayden 2024-cü il üçün 100 milyard dollar dəyərində maliyyə paketinin hazırlanması üçün Konqresə müraciət edib. Əlbəttə, bu maliyyə paketinin önəmli bir hissəsi Ukraynaya yönləndiriləcək, amma bu paketin 14 milyardı İsrail üçün nəzərdə tutulub. Onu da nəzərə almaq lazımdır ki, ABŞ əsas diqqətini Ukrayna müharibəsinə yönəldib, Yaxın Şərqdə ikinci cəbhənin açılmasına qətiyyən razı olmaz. 

Bir önəmli məqamı da qeyd edim ki, ABŞ-ın əsas düşməni və rəqəbi Çindir. Bildiyimiz kimi, Çin həm iqtisadi-siyasi, həm texnoloji, həm də hərbi cəhətdən güclənərək qlobal güc mərkəzinə çevrilir. Xüsusilə Avropa, Asiya və Okeaniyada öz geosiyasi təsir imkanlarını genişləndirir. Bu səbəbdən ABŞ Ukrayna müharibəsini başa çatdırdıqdan sonra diqqətini Çinə yönəldəcək.

Hətta 2022-ci ilin mayında NATO-nun Madrid sammitində Çinin qlobal səviyyədə təsirinin böyüməsinə qarşı müqavimətin gücləndirilməsi ilə bağlı qərarlar qəbul olunub. ABŞ-ın HƏMAS-İsrail müharibəsinin geniş vüsət almasını istəməməsinin bir səbəbi də Çin faktorudur. Amma istənilən halda İsrail-Fələstin bölgəsindəki müharibə bütün regiona sıçraya bilər. 

- Hazırda Yaxın Şərqdə daha çox hansı beynəlxalq güc mərkəzləri rəqabət aparır? 

-Beynəlxalq güc mərkəzlərinin qlobal strategiyasında Yaxın Şərq mühüm və önəmli region hesab olunur. Beynəlxalq güc mərkəzləri – ABŞ, Avropa İttifaqı, Rusiya və Çin Yaxın Şərqdə öz geostrateji və geosiyasi təsir imkanlarını genişləndirməyə çalışırlar. Eyni zamanda, Türkiyə və İran da bu regionun güc mərkəzlərinə çevirilib. Türkiyə həm iqtisadi-siyasi, həm də hərbi cəhətdən daha da möhkəmlənib. İran isə ciddi sanksiyalar və problemlərlə üzləşməsinə baxmayaraq, regionda geosiyasi nüfuzu malikdir.

İran həm də regionda gedən toqquşmalardan kənarda qalmağa çalışır. İranın özü yox, məhz onun Suriya və Livanda dəstək verdiyi hərbi birləşmələr hazırki toqquşmalara cəlb olunacaq. Həmçinin HƏMAS-ın hücumu ilə başlanan müharibə nəticəsində İsrail ilə Ərəb ölkələri arasında normal münasibətlər fiaskoya uğrayacaq. 

-HƏMAS-İsrail müharibəsinin geniş vüsət alınacağı təqdirdə Türkiyənin bu məsələdə rolu nə olacaq? Türkiyədən hansı addımların atılması gözlənilir? 

-Türkiyə həm Avropa, həm Yaxın Şərq, həm də türk dünyasının mühüm ölkəsi hesab olunur. Türkiyə təkcə Qara dəniz və Şərqi Aralıq dənizində deyil, həmçinin Yaxın Şərq regionunda da geniş təsir imkanlarına malikdir, demək olar ki, bu regionda söz sahibidir. O ki qaldı İsrail-Ərəb münaqişəsinə, Türkiyə regiondakı bütün problemlərin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Türkiyə, həmçinin Fələstinə də önəm verir və bu ölkədə müəyyən təsir imkanlarına malikdir. Çünki Fələstin dörd yüz il ərzində Osmanlının bir parçası olub. 

Eyni zamanda, Türkiyə sionizm hərəkatının “Böyük İsrail” layihəsidən və onun doğuracağı təhlükələrdən çox yaxşı xəbərdardır. Amma Türkiyə yenə də İsrailə qarşı cəbhənin açılmasının qatı əlehinədir. Ankara daha çox İsrail ilə ərəb ölkələri arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda vasitəçilik etməyə üstünlük verir. Türkiyə bu günə kimi İsrail-Fələstin məsələsində ehtiyatlı siyasət yürüdür. 

Amma Qərbin İsrailin Qəzzada təcavüzünü dəstəkləməsi və bölgədəki günahsız insanların həlak olmasına göz yumması Ərdoğanın səbrini daşırıb. Bundan ciddi şəkildə qəzəblənən Ərdoğan öz çıxışında HƏMAS-ın terror təşkilatı olmadığını və Fələstinin azadlığı uğrunda mübarizə aparan təşkilat olduğunu bildirib. Təbii ki, bu, yalnız sözdə qalacaq. Türkiyə humanizm məsələsində çox həssas mövqe sərgiləyir. Buna görə də Türkiyə rəhbərliyindən Fələstinin lehinə bəyanatlar səsləndirilir. Bunun Türkiyənin İsrail ilə HƏMAS arasında danışıqlarda vasitəçilik təşəbbüsünə mənfi təsir göstərib-göstərməyəcəyi hələ sual altındadır. 

- Necə düşünürsünüz, İsrail-Fələstin bölgəsində müharibənin davam etməsi Rusiyanın xeyrinə ola bilər? Yəni Moskva bu müharibənin imkanlarından faydalanaraq Ukrayna və digər regionlardakı prosesləri öz lehinə dəyişməyə çalışacaq? 

-HƏMAS-ın İsrailə hücumu və İsrail-Ərəb münaqişəsinin yeni mərhələsinin başlanması nəticəsində qlobal dünyanın diqqəti Ukraynadakı müharibədən Yaxın Şərqə yönəlib. Demək olar ki, siyasi gündəmdə Rusiya-Ukrayna müharibəsi ikinci və ya üçüncü dərəcəli mövzuya çevrilib. Bildiyimiz kimi, Rusiya Ukraynanın dörd bölgəsində işğalı davam etdirir. Keçən ildən bəri Ukraynanın dörd bölgəsi – Luhansk, Donetsk, Zaporojya və Xerson vilayətləri Rusiya tərəfindən qeyri-qanuni şəkildə ilhaq olunub.

Düzdür, Qərbin dəstəyi və Ukrayna ordusunun ciddi müqaviməti nəticəsində Rusiya xeyli sayda ərazini itirib. Amma Yaxın Şərqdə yeni müharibənin başlanması və bu münaqişənin genişlənmək ehtimalı Rusiyanın Ukrayna üzərində işğal və ilhaq siyasətini müəyyən qədər unutdurub. Buna görə də Moskva Ukraynada vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. 

Ermənistan məsələsinə gəlincə, hesab edirəm ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Çünki İrəvan çox yaxşı başa düşür ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərinin açılması Ermənistan iqtisadiyyatının dirçəlməsinə gətirib çıxaracaq. Lakin radikal erməni müxalifəti və erməni diasporu bu istiqamətdə ciddi əngəllər yaradır. Eyni zamanda, bəzi Qərb ölkələri Ermənistanı Azərbaycana qarşı təxribatlara da təhrik edə bilər. Ancaq bütün bunlara baxmayaraq, Paşinyan sülh tərəfdarı kimi görünür. 

Digər təhlükəli region isə Balkan regionudur. Balkanların iki bölgəsi - Bosniya-Herseqovinanın şərq vilayətlərində və Kosovoda siyasi vəziyyət hələ də həssasdır. Ola bilər ki, Bosniya, Kosovo və Serbiyada radikal serb millətçiləri və münaqişəyə meyilli olan dairələr Rusiyanın təhriki ilə hərəkətə keçsinlər.

- Yaxın gələcəkdə Cənubi Qafqazda yeni siyasi proseslərə şahid olacağımız istisna deyil. Ümumiyyətlə, Azərbaycan-la Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir? Yoxsa iki ölkə arasında yenidən toqquşma baş verəcək? 

-Bunun nə zaman baş verəcəyini dəqiq deyə bilmərəm. Ancaq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı qənaətindəyəm. Əgər Paşinyan radikal erməni müxalifətinin və erməni lobbisinin, o cümlədən ABŞ və Fransanın çağırışlarına baş qoşmasa, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaq. Xatırlayaq ki, 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın partiya qələbə qazandı. Paşinyan hələ də erməni ictimaiyyətində ciddi dəstəyə malikdir. Paşinyanın praqmatik  siyasət yürütdüyünü hesab edirəm. 

Lakin əgər Paşinyan və onun komandası güc yolu ilə hakimiyyətdən kənarlaşdırılsa və revanşist erməni millətçiləri hakimiyyəti ələ alsalar, o zaman regionda vəziyyət daha da gərginləşəcək. İki ölkə arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkün olacaq. 

Yunis Abdullayev
Cebhe.info