"Neftçi" niyə Sərgən Yalçını deyil, Adrian Mutunu seçdi? - "Futbolçu kimi..." - MÜSAHİBƏ

"Neftçi" niyə Sərgən Yalçını deyil, Adrian Mutunu seçdi? - "Futbolçu kimi..." - MÜSAHİBƏ

Azərbaycan futbolunun "flaqman"ı, "Neftçi" ilə bağlı azarkeşləri düşündürən bir sıra suallar var.

Paytaxt klubunun ötən aylarda baş məşqçi postuna Sərgən Yalçını gətirmək üçün danışıqlar aparsa da, yekunda razılıq əldə olunmaması və bu posta Adrian Mutunun gətirilməsi hələ də müzakirələrə səbəb olur. Həmçinin, azarkeşlər arasında transferlər və komandanın çıxışı ilə bağlı da narazılıqlar olduğu görünür.

Bütün bu və digər suallara "Neftçi TV"-nin şərhçisi İsmayıl Abdullayev Cebhe.info-ya müsahibəsində aydınlıq gətirdi.

Müsahibəni təqdim edirik:

- İsmayıl bəy, "Neftçi" ötən aylarda Sərgən Yalçın ilə görüşdü. Təcrübəli mütəxəssis Bakıya gəlsə də, razılaşma əldə olunmadı. O zaman mətbuatda Sərgən Yalçına illik 1 milyon dollar təklif edildiyi, daha sonra bu rəqəmin 1,5 milyon dollara çıxdığı, amma onun 2 milyon dollar istədiyi üçün razılıq əldə olunmadığı iddia olundu. Əslində o dönəm nə baş verdi? Təklif olunan rəqəmlər və danışıqlar barədə nə deyə bilərsiniz?

- Bütün idman mediası bilir ki, "Neftçi" Sərgən Yalçınla maraqlanırdı. Hətta türkiyəli mütəxəssisin ölkəmizə gəlməsi də mətbuatda əks olunmuşdu. Bəli, tərəflər arasında danışıqlar prosesi oldu. Sərgən Yalçın şəxsən klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf ilə görüşdü. Amma pul məsələsi ilə bağlı hər hansısa məlumatım yoxdur. Düzdür, mətbuatda sizin də qeyd etdiyiniz rəqəmlər yazılmışdı. Düşünürəm ki, danışıqlar prosesində mətbuatda vurğulanan rəqəmlər ortaya çıxmayıb.

- Bəs nə üçün razılıq əldə olunmadı?

- Razılığın əldə olunmama səbəbinin fərqli olduğu qənaətindəyəm. Belə ki, Sərgən Yalçın həmin dönəm Türkiyə milli komandası və "Fənərbağça"dan da cavab gözləyirdi. Hər iki tərəf onun xidmətində maraqlı idi. Bu da transferin reallaşmasına əngəl oldu. Sərgən Yalçın ikili, hətta üçlü oynadı. Bu da yəqin ki, bizim rəhbərliyin ürəyincə olmadı. Təbii ki, heç bir rəhbərlik qarşı tərəfin danışıqlar davam edərkən, başqa klub və ya federasiya ilə danışıqlar aparmasına razı olmazdı.

- Həmçinin, Adrian Mutunun komandanın başına gətirilməsi də birmənalı qarşılanmadı. Hələ də onun doğru seçim olmadığını düşünənlər az deyil. ümumiyyətlə, nə üçün Mutu seçimi edildi?

- Adrian Mutunun indidən uğurlu və ya uğursuz seçim olduğunu demək düzgün olmaz. Onun futbolçu kimi möhtəşəm karyerası olub. Məşqçi kimi isə hələ fikir bildirmək tezdir. Çünki Mutu baş məşqçilik karyerasına yeni başlayıb. Artıq 5 ildir ki, məşqçilik edir. Düzdür, hər hansısa bir uğuru yoxdur. Amma işlədiyi komandaların da aparıcı, çempionluğa oynayan kollektivlər olmadığını görürük. Nəzərə almaq lazımdır ki, Mutu istəkli və gəncdir. Komandanın məşqlərində də onun necə istəkli olduğunu görürük. Mutu komandamızın yay hazırlığının ikinci mərhələsində tam olaraq iştirak edə bilməyib. Buna görə də müəyyən çatışmamazlıqlar var. Bunu da dəfələrlə mətbuat konfransında dilə gətirib. Mutu komandamızla tam hazırlıq keçmədiyi üçün Qəbələdə təlim-məşq toplanışına getdik. Demək olar ki, həmin çatışmamazlıq da bununla müəyyən qədər aradan qalxdı.

- Sizcə, yeni transferlər nə üçün özünü doğrultmur?

- Yayda kifayət qədər yeni futbolçu transfer etdik. Ayrı-ayrılıqda hər birinin karyerasına baxanda görürük ki, fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulardır. Onlara adaptasiya üçün zaman lazımdır. Vaxtında Azərbaycan çempionatında uğurlu çıxış edən futbolçuların belə futbolumuza daha gec adaptasiya olduğunu görmüşük. Buna görə də qərar verməyə tələsməyək. Hazırda onların arasında 2-3 futbolçunu komandaya faydalı olmaq baxımından səciyyələndirə bilərik. Amma digər futbolçulardan da uğur gözləmək lazımdır. Sadəcə, vaxta ehtiyacımız var.

- "Neftçi"nin son illərdə liqada və Avropada uğursuz çıxış etməsi tənqid olunur. Məşqçilər və futbolçular dəyişir, amma bu, ümumi nəticəyə ciddi təsir etmir. Hazırda komandanın əsas problemi nədir?

- Dediyim kimi, zamana ehtiyac var. Amma azarkeşlər gözləmirlər, hər hansısa uğursuzluqdan sonra etirazlar və iradlar baş qaldırır. Mənə elə gəlir ki, bir qədər səbrli olmaq lazımdır. Bu səbirsizliyimiz ucbatından son illərdə tez-tez məşqçi və futbolçu dəyişikliyinə məruz qalmışıq.

- "Neftçi" ötən ayın axırı diqqətçəkən bir həmlə etdi. Avropanın tanınmış futbol funksionerlərindən, İsveç milli komandasının idman direktoru Yens Andersson ilə müqavilə imzalandı. Onun paytaxt klubunun idman direktoru təyin olunması nələri dəyişəcək?

- Klubumuzda yeni struktur, rəhbərlik formalaşandan sonra Adrian Mutu öz komandası ilə gəldi və yeni transferlər də edildi. Həmçinin, yeni idman direktoru təyin oldu. Avropanın tanınmış futbol funksionerlərindən, isveçli Yens Anderssonla anlaşdıq. Hələlik iş prosesinə başlamayıb. Çünki İsveç millisindəki sənədləşmə işləri bir qədər yubanır. Təxminən 3 həftə sonra ölkəmizə gələcək və işinə başlayacaq. Onun da uğurlu olacağını gözləyirik. Çünki Avropa futbolu ilə "Neftçi" arasındakı əlaqələrin sıx olması, inkişaf etməsi və daha faydalı futbolçuların transfer edilməsi baxımından isveçli mütəxəssisin rolu böyük olacaq.

- Əlbəttə ki, azarkeşlərin ən çox maraq etdiyi məsələ transferlərdir. "Flaqman" çempionluq hədəflədiyi bu mövsüm üçün yanvar ayında səs gətirəcək transferlər üzərində çalışırmı?

- Biz hər an yeni transfer gözləyirik. Amma bəllidir ki, qış transfer dönəmində tutarlı futbolçu transfer etmək çox çətindir. Daha sanballı futbolçuları yay dönəmində əldə etmək olar. Buna baxmayaraq, "Neftçi"nin transferdən məsul şəxsləri hər an bu işlə məşğuldurlar. Əminəm ki, danışıqlar apardığımız futbolçular var. Hər halda, yanvarda yeni transferlərimiz ola bilər və yaya qədər bir neçə futbolçu ilə anlaşa bilərik. Məlumat olduqca klubumuzun sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətlə paylaşılacaq.

- Xüsusilə, azarkeşlərin yenidən Honda səviyyəsində futbolçuları istədiyi görülür...

- Azərbaycan futbolu reallıqlarında Honda səviyyəsində futbolçuları transfer etmək çox çətindir. Amma son illərdəki praktiya əsaslanaraq demək olar ki, çətin də olsa, bu, mümkündür. Maykl Essien və Keysuke Honda səviyyəsində futbolçular ölkəmizə gəlib.Əlbəttə ki, başda "Neftçi" klubu olmaqla, istəyərəm ki, digər klublarımız da tez-tez belə səviyyəli legionerlər cəlb etsinlər. Çünki belə olanda çempionatımıza maraq artar və azarkeşlərimiz tribunalara gələr.

Bu, Azərbaycan futbolunun inkişafına da töhfə verəcək. Elə dünya səviyyəli futbolçular Azərbaycanda nə qədər çox olarsa, həm də öz ölkələrində futbolumuz barədə təbliğat işlərini apararlar. Necə ki, Honda hazırda "Neftçi" və Azərbaycan futbolu haqqında informasiya verir. Bunun özü çox yaxşı haldır. Futbolumuzun və ölkəmizin tanınması istiqamətində belə ulduz futbolçuların tez-tez transfer olunması çox yaxşı amildir. İnanıram ki, yaxın gələcəkdə də bu tendensiya davam edəcək.

- Sonda "Neftçi" azakeşlərinə nə demək istəyirsiniz?

- "Neftçi" azarkeşləri çox böyük cameədir. Eyni zamanda, çox böyük hədəfləri olan ailədir. Onları da başa düşürük. "Neftçi" Azərbaycanın flaqmanıdır, brendidir və ilk klubudur. Uğurlar həmişə "Neftçi" ilə olmalıdır. Son illərdə bir qədər durğunluq və eniş var. Əlbəttə ki, bu da azarkeşlərimizi məyus edir. Onlar kimlərəsə görə klubu sevməyiblər və bu sevgini "Neftçi" üçün davam etdirməlidirlər.

Onlardan xahişimiz odur ki, hər oyun stadiona gəlsinlər. Avrokuboklarda stadion tam olaraq dolur, amma çempionat matçlarında eyni mənzərənin şahidi olmuruq. Axı biz avrokubok azarkeşləri deyilik. Klubdan küsə bilərlər, amma "Neftçi"mizi adına və tarixinə görə sevmişik. Bu sevgini bundan sonra da davam etdirmək lazımdır.

Elmir Mustafa
Cebhe.info