Qərbi Azərbaycana qayıdış üçün: “Qaçqın statusu bərpa olunmalıdır ki...-“-MÜSAHİBƏ

Qərbi Azərbaycana qayıdış üçün: “Qaçqın statusu bərpa olunmalıdır ki...-“-MÜSAHİBƏ

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində iş aparılacaq.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya müsahibəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı təkliflər irəli sürb və bu prosesin həyata keçirilməsi mexanizmlərindən danışıb:

- Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına başlanılıb. Sizcə bu konsepsiyada əsasən hansı təkliflər yer almalıdır?

- Prezident Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə Qayıdış Konsepsiyasının istiqamətlərini müəyyən etdi. Dövlət başçısı İrəvandan başlayaraq, Qərbi azərbaycanlıların tarixən həmin ərazilərdə yaşadığını və öz vətənlərinə qayıtması üçün əzmkarlığını göstərdi. İnsanlar öz torpaqlarını unutmayıblar və öz vətənlərinə geri dönməlidirlər. Amma qayıdış prosesini təmin etmək üçün mexanizmlər hazırlanmalıdır. Hesab edirəm ki, bu məsələni reallaşdırmaq üçün əhali faktoru əsas götürülməlidir. Hazırkı şəraitdə Ermənistandan hər hansı ərazinin boşaldılmasını tələb etmək beynəlxalq hüquq normalarına uyğun olmaz. Amma beynəlxalq hüquq normalarına əsasən, əhalinin iradəsinə uyğun şəkildə bir ölkədən digərinə gedib yaşamaq haqqı var. Yəni öz tarixi vətənlərinə qayıdıb yaşaması üçün onlara müəyyən hüquqlar verilir. Qərbi Azərbaycandan qovulan azərbaycanlılar da öz torpaqlarına dönüb yaşamaq üçün əzmkarlıq nümayiş etdirirlər. Ancaq bu, hansı şəkildə olmalıdır? Şübhəsiz ki, Ermənistan hakimiyyətini buna məcbur etmək lazımdır. İlk növbədə, öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlıların əlində hüquqi əsas olmalıdır. Bu mənada, mənə elə gəlir ki, konsepsiyalar hazırlanarkən əhali faktoru önə çəkliməli və insanların orada yaşamaq istəyi nəzərə alınmalıdır. Yəqin ki, konsepsiyanın hazırlanmasına mütəxəssislər dəvət olunacaq və onların rəyi əsas götürüləcək. Amma biz İrəvan Türk Cümhuriyyəti olaraq əvvəllər də demişik ki, Ermənistan azərbaycanlı əhalinin kütləvi şəkildə dönüşünə icazə verməz. Ona görə də Azərbaycan tərəfindən Ermənistan adlı dövlətin tanınmaması lazımdır. Bu təklif bəlkə də radikal görünə bilər. Ancaq biz tarixi sənədləri ortaya çıxarmalı, bizim torpaqlarımızda Ermənistan adlı dövlət qurulduğunu sübut edərək bundan yararlanmalıyıq. Fikrimcə, Qayıdış Konsepsiyasının hazırlanması o qədər də asan olmayacaq. Bu sənəd Ermənistan və beynəlxalq dairələr tərəfindən müəyyən maneələrlə üzləşəcək. Bəzi ölkələr bunu Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi qələmə verə bilər. Hətta Azərbaycan Prezidentinin çıxışından sonra Ermənistanda hay-küy qaldırıblar. Ermənilər bildirirlər ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürür və paytaxt İrəvan şəhərinin verilməsini ədalətsiz sayır. Qayıdış Konsepsiyasının hazırlanmasına artıq Ermənistanda ciddi etirazlar var. Onlar yenə də beynəlxalq müstəvidə Azərbaycanın üzərinə gələcəklər. Amma biz öz işimizi görməliyik və bu konsepsiya hazılanmalıdır. Qərbi Azərbaycandan olan insanların, ziyalıların bu prosesdə iştirakı vacibdir.

- Konsepsiyanın həyata keçirlməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsinə ehtiyac varmı?

- Əlbəttə. Cənab Prezidentin müxtəlif dövrlərlə bağlı qeyd etdiyi məqamlar, İrəvanın verilməsi ilə bağlı 1918-ci il 29 may tarixli protokol, 1947-ci ildə Stalinin imzası ilə SSRİ Nazirlər Sovetinin deportasiya ilə bağlı sənədi, Ermənistandan azərbaycanlıların zaman-zaman sıxışdırılıb qovulduğunu təsdiq edən sənədləri beynəlxalq qurumlara təqdim etməliyik. Xüsusilə də Ermənistanda qalan mədəni-tarixi irsimizlə bağlı fundamental əsasları olan sənədlər hazırlanmalıdır. Yəni İrəvan şəhərinin və digər yerlərdə azərbaycanlılara məxsus qəbiristanlıqlar, məscidlər, tarixi binalar, karvansaralar və digər abidələrin dağıdılması ilə bağlı faktlar ortaya qoyulmaldır. Biz göstərməliyik ki, ermənilər Qərbi azərbaycanlıların tarixi izini silməyə çalışıblar. Amma tarixi sənədlər də sübut edir ki, Azərbaycan türkləri bu torpağın əsl sahibləri olub. Ona görə də əhali faktorunu əsas götürərək həmin torpaqlara qayıtmaq üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət edə bilərik.

İkincisi, qaçqın düşən azərbaycanlıların əmlakının orada qalması, talan edilməsi və əlindən alınması ilə bağlı beynəlxlaq təşkilatlara müraciət edilməlidir. Ermənistan buna mane olmağa çalışacaq. Məsələn, Gürcüstan Avropa Şurasına daxil olarkən Ahıska türklərinin öz yurdlarına qayıtması ilə bağlı öhdəlik götürüb. Amma bu öhdəliyi yerinə yetirmir. Ermənistanı buna vadar etmək üçün müəyyən zaman lazımdır. Əsas vacib olan insanları bunun mümkünlüyünə, müsbət nəticə verəcəyinə inandırmaqdır. Biz də İrəvan Türk Cümhuriyyəti olaraq əlimizdən gələni edəcəyik.

-Qərbi Azərbaycan əhalisinin qovulması zamanı onların mülkiyyət hüquqları da pozulub. Onlara böyük ziyan dəyib və əmlakları əllərindən alınıb. İndi həmin ziyanın ödənilməsi də beynəlxalq təşkilatlara ünvanlanacaq müraciətdə yer alacaqmı? Bu məsələ ilə bağlı yanız 1988-ci il əsas götürülməlidir, yoxsa əvvəlki illərdə dəymiş ziyanın ödənilməsi məsələsi də qaldırılacaq?

-Şübhəsiz. Bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Bu, ayrı-ayrı şəxslərlə aid edilməməlidir. Dəymiş bütün zərər hesablanıb təzminat tələb edilməlidir. Orada 300-350 min nəfərə qədər Azərbaycan türkü yaşayıb. Ermənilər bu statistikanı azaldır. Amma bizim hesablamalarımız göstərir ki, 1988-1989-cu illərdə 300-350 min əhali Ermənistandan qovulub çıxarılıb. Onların da böyük əksəriyyəti yaşamaq üçün Azərbaycana gəlib.

-Ermənilər Qərbi azərbaycanlıların öz yurdlarına dönüşünə əks arqument irəli sürür. Onlar da bildirir ki, azərbaycanlılar Ermənistana gəlmək istəyirsə, 1988-1990-cı illərdə Bakı, Sumqayıt, Gəncə şəhrlərindən, Gülüstan qəsəbəsindən və digər bölgələrdən köçmüş ermənilər də geri qayıtmalıdır. Əgər Azərbaycan Qayıdış Konsepsiyasını hazırlasa, o zaman ermənilərin də qeyd edilən iddia ilə çıxış edəcəyi gözlənilir...

- Ermənilər bu məsələləri qaldırırlar. Amma fərq bundadır ki, tarixi vətən məsələsi var. Ermənistan ərazisi Qərbi Azərbaycan türklərinin tarixi vətənidir. Prezident İlham Əliyev də dedi ki, ermənilərin bu torpaqlara köçürüldüyünü hamı bilir. Onları nə zaman, hansı məqsədlə köçürüblər, bunlar tarixi sənədlərlə qeydə alınıb. Azərbaycanın müxtəlif yerlərində yaşayan ermənilər də köçürülmədir. Ermənilər Bakı şəhərində XIX əsrin sonlarından yaşamağa başlayıb. Onlar neft sənayesinin inkişafı ilə bağlı gəlib Bakıya çıxıblar. Bakı onların tarixi vətəni deyil. Amma mənim anadan olduğum Ağbaba-Şörəyil bölgəsində Azərbaycan türklərinin min illik yaşam tarixi var. Səlcuqlu dövründən o torpaqlarda əcdadlarımız yaşayıb. Tarixi abidələrimiz də bunu sübut edir. Təəssüf ki, biz qayıdış məsələsini irəli sürəndə ermənilər də Azərbaycana qayıtmaq tələbi ilə çıxış edə bilər. Lakin bunlar danışıqlar zamanı ortaya çıxa bilər. Çünki gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq, sərhədlər müəyyənləşəcək və diplomatik münasibətlərin normallaşması zamanı bu məsələ qaldırıla bilər. Göyçədə, Zəngəzurda, İrəvan mahalında azərbaycanlıların məskunlaşması məsələsi qaldırıla bilər. Amma ermənilərin Azərbaycanda kompakt yaşadıqları ərazi var. Bu da Azərbaycanın əlini gücləndirir. Ermənistandan isə azərbaycanlı əhali tamamilə qovulub və yaşamır. Ona görə də biz tələb edə bilərik ki, ermənilər Qarabağda yaşayırsa, azərbaycanlılar da Ermənistanda yaşamalıdır.

- Prezidentin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü keçirilən gün Ermənistan mediası bu tədbiri rəsmi Bakının Zəngəzura ərazi iddiasını gerçəkləşdirmək niyyəti kimi təqdim etmişdi. Qərbi Azərbaycana qayıdış yalnız Zəngəzuru əhatə edir, yoxsa digər ərazilərə də aiddir?

- Azərbaycanlıların yaşadığı ərazilər yalnız Zəngəzuru əhatə etmir. Qərbi Azərbaycan daha genişdir. Ermənilər çox söz deyə bilər. Onlar daha çox məsələnin siyasi tərəfini önə çəkməyə çalışırlar. Amma bizim məqsədimiz tarixi torpaqlarımıza qayıtmaqdır. Bu ərazilərin bizə məxsus olduğunu hamı bilir. Ermənilər özləri də bilirlər ki, bu torpaqlar bizə aiddir. Onlar ərazini fərdiləşdirirlər və iddia edirlər ki, Azərbaycan Zəngəzura iddiasını reallaşdırmaq üçün belə edir. Bütün bunlar erməni təxribatıdır. Biz isə öz işimizi görməliyik.

- Qərbi Azərbaycan icmasını təmsil edən bir neçə ictimai təşkilat var. Bundan sonra Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün bu qurumların birləşməsinə ehtiyac varmı, yoxsa ayrılıqda fəaliyyət göstəməklə ümumi konsepsiya hazırlayıb məqsədə çatmaq olar?

- Qərbi Azərbaycanla bağlı bir sıra təşkilatlar var. Onların bir çoxu İrəvan Türk Cümhuriyyətində, bir qismi də Qərbi Azərbaycan İcmasında təmsil olunur. Hesab edirəm ki, bu təşkilatların ayrılıqda fəaliyyət göstərməsi icmanın fəaliyyətinə mane ola bilməz. Çünki onların hamısının konsepsiyası və ideya xətti eynidir. İcma yaradılanda İrəvan Türk Cümhuriyyəti də onu dəstəkləyəcəyini bəyan edib.

- İrəvan Türk Cümhuriyyəti Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün 1988-1990-cı illərdə Ermənistandan qovulan əhalinin qaçqın statusunun bərpa edilməsini təklif etmişdi. Həmin təklif Qayıdış Konsepsiyasında yer alacaqmı?

- Bəli. Əsas məsələlərdən biri də budur. Qaçqın statusunun bərpası ilə bağlı İrəvan Türk Cümhuriyyəti Milli Məclisə müraciət edib. Qərbi azərbaycanlıların iddiasının qanuni olduğunu əsaslandırmaq üçün onlara qaçqın statusunun verilməsinə ehtiyac var. Yəni onların Qərbi Azərbaycandan çıxarıldığını təsdiq edən bir sənəd olmalıdır. Bu baxımdan, onların qaçqın statusu bərpa olunmalıdır.

Müşfiq Abdulla
Cebhe.info