Arzuxan Əlizadə: “Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir”

Arzuxan Əlizadə: “Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir”

Son günlərdə ermənilərin təxribatları artmağa davam edir.

Ermənilər həm mövqelərimizi atəşə tuturlar, həm də ərazilərimizi tərk edərkən evləri və meşələri yandırırlar. Maraqlısı budur ki, bütün bunlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir.

Onlar öz missiyalarını yerinə yetirməməklə yanaşı, təxribatların da qarşısını almırlar. Bütün bunların fonunda isə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə evlərin və meşələrin yandırılmasının qarşısının alınması üçün həmin yerlərdə Azərbaycan Ordusunun təcili müdaxiləsinin zəruriliyinə ehtiyac yaranır.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, əvvəlki dönəmdə də ermənilərin çıxdıqları əraziləri necə viranə qoyduqlarını görmüşük:

“Kəlbəcərdən onların çıxması üçün əlavə 10 gün vaxt verildi. Onlar isə həmin 10 günü çıxmaqdan daha çox ekologiyaya zərər vurmağa həsr etdilər. Evləri və meşələri yandırdılar, ağacları qırdılar və hər tərəfi minaladılar. İndi də Laçının Zabux və digər kəndlərində də bu prosesin şahidi oluruq. Təəssüflər olsun ki, bütün bu proseslər həmin ərazini özünün məsuliyyət dairəsi elan etmiş və həmin ərazidə yerləşdirilmiş sülhməramlı adlandırılan rus hərbçilərinin gözü qarşısında baş verir.

Onlar faktiki olaraq bu məsələlərə müdaxilə etmirlər. Təbii ki, ərazi Azərbaycan ərazisidir və Azərbaycan Ordusu istənilən məsələyə müdaxilə etmək hüququna malikdir. Ermənilərə evlərini yandırmamaq üçün hökumətləri tərəfindən şirnikləndirici kompensasiya da vəd olunub. Buna baxmayaraq, onlar yenə də öz vandallıqlarından geri qalmırlar. Əlbəttə ki, xislətlərindən də geri çəkilmələri mümkün deyil”.

Partiya sədri qeyd edib ki, Azərbaycan mütləq mənada bu məsələyə müdaxilə etməlidir:

“Onsuz da biz müvəqqəti tikilən həmin erməni daxmalarını saxlayan deyilik. Orada insanlarımızın məskunlaşması üçün yeni layihələr icra olunacaq. Hazırda Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir, evləri və meşələri yandırırlar. Hətta onların əraziləri minalamayacaqlarına da heç kim təminat verə bilməz. Yenidən əsgərlərimizin və media nümayənlərinin minaya düşərək şəhid olmalarının qarşısını almaq lazımdır. Ona görə buna mütləq mənada müdaxilə olunmalıdır. Yəni erməniləri oradan nəzarət altında qovub çıxarmaq lazımdır ki, belə vandallıqlara yol verməsinlər”.

Elmir
Cebhe.info