Azərbaycan insanına xidmət edən iqtisadi siyasət: “Gələcək üçün çox vacibdir”

Azərbaycan insanına xidmət edən iqtisadi siyasət: “Gələcək üçün çox vacibdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.

Xatırladaq ki, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı ölkə başçısı bildirib ki, son illər ərzində əsas infrastruktur layihələri icra edilib:

“Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır”.

Şirvan suvarma kanalının əhəmiyyətiylə əlaqədar “Cebhe.info”-ya açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri, eləcə də münaqişələr, müharibələr və su qıtlığı ilə bağlı problemlər artıq insanlar təbii çətinliklər qarşısında qoyub:

“Məhz bu problem Azərbaycanda da hiss olunur. Çünki ildən-ilə içməli və əkin suyuna olan tələbat artır. Bu bir faktdır ki, yay aylarında xüsusilə əkin suyuna olan tələbat daha da çoxalır. Bir çox əkin sahələri susuzluqdan məhv olur. Bu da iqtisadiyyatın inkişafında müəyyən çətinliklər yaradır. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra su ehtiyatlarının yaradılması, əhalinin içməli və əkin suyuna olan tələbatının ödənilməsi üçün müvafiq sərəncamlar imzalayıb və lazımi tədbirlər həyata keçirilib. Demək olar ki, ildən-ilə bu sahədə işlər genişləndirilir. İstər dövlət proqramlarında, istərsə də mühüm layihələrdə su təminatının yaxşılaşdırılması ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulur.

Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və onun strukturunun təkmilləşdirilməsi də buna xidmət edir. Ölkə başçısı öz çıxışlarında dəfələrlə xatırladıb ki, biz su ehtiyatlarından səmərəli istifadə etməliyik və Şirvan suvarma kanalının təməlqoyma mərasimində də bir daha bunu xatırlatdı. 

Ölkə başçısı bildirdi ki, su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Ölkə rəhbərinin tapşırıqları əsasında qəbul olunmuş proqramlarla bağlı artıq Azərbaycanda 10-dan çox su anbarı, inşa ediləcək”. 

Millət vəkilinin sözlərinə görə, son günlərdə Qarabağ və Şirvan su kanallarının yenidən qurulması ilə bağlı imzalanmış iki sərəncam Azərbaycan əhalisinin ürəyincədir:

“Gələcəkdə əkin və içməli suya olan tələbatın aradan qaldırılmasına imkan verəcək. Prezident təməlqoyma mərasimində xatırlatdı ki, Şirvan suvarma kanalı ilə 10 rayon, Qarabağ suvarma kanalı vasitəsilə 9 rayon su ilə təmin olunacaq. Əlbəttə ki, bu, çox böyük layihədir.

Qeyd edildiyi kimi, ölkə iqtisadiyyatının inkişafında, aqrar sektorun imkanlarını nəzərə alaraq bu tədbirlərin keçirilməsi gələcək üçün çox vacibdir. Çünki su ehtiyatlarının yaradılması, bütün sahələrdə imkanların genişlənməsinə təkan verir. Həm məhsuldarlığın artırılması, həm də sahibkarlığın inkişafı insanların rahat həyat şəraiti üçün çox vacib şərtdir. Bu kanalların yenidən qurulması 100 min hektarlarla sahələrin su ilə təmin olunmasına imkan verəcək və müəyyən çəritinlikləri aradan qaldıracaq.

Prezident öz çıxışında qeyd edib ki, son illər ərazində görülmüş işlər dövlətimizin gücünü, hökumətin iradəsini göstərir. Bu, bütün sahələrdə mövcuddur və səmərəsini verir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər onu göstərir ki, bu ərazilərdə su təminatı yaxşılaşdırılacaq və həmin ərazilərdə aqrar sektorun inkişafı sürətləndiriləcək.

Artıq işğaldan azad edilmiş ərazilərdə 100 min hektara yaxın torpaqda kənd təsəsrrüfatı məhsulları yetişdirilməsinə başlanılıb. Prezident təməlqoyma mərasimində bir daha xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün mühüm dövlət proqramları uğurla həyata keçirilir və bu proqramların sürətləndirilməsi dövlətin diqqət mərkəzindədir, lazım olan maliyyə vəsaiti ilə təmin olunur.

Dövlər başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su serursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, onlar daxili mənbələr hesabaına formalaşır. Dövlətin vəzifələri aydındır və ölkə başçısı bunu dəfələrlə xatırladıb.

Lakin bu sahədə vətəndaşların, sahibkarların üzərinə düşən vəzifələr də var. Belə ki, mövcud vəziyyət bir daha onu xatırladır ki, biz su mənbələrindən qənaətlə istifadə etməliyik. Təəssüflər olsun ki, bu gün Azərbaycanda içməli və əkin suyunun təxminən 40 faizi itkiyə gedir. Bu sahədə çox böyük israfçılıq var.

İstər sahibkarlar, istər vətəndaşlar sudan qənaətlə istifadə olunmasını hələ də lazımi qaydada təmin etmirlər. Xüsusilə də əkinçilik sahəsində müasir texnologiyaların təsərrüfata tətbiq olunmaması itkilərin miqyasını daha da artırır. Buna görə də ölkə başçısı təməlqoyma mərasimində dəfələrlə nəzərə çatdırdı ki, biz su ehtiyatlarından səmərəli istifadə etməliyik.

Bu sözsüz ki, qənaətçiliyi, müasir texnologiyaların tətbiqini nəzərdə tutur ki, bu da həm torpaqların saflaşdırılması, həm məhsuldarlığın artırılması, həm də suya qənaət olunması baxımından əhəmiyyətlidir”.

Nigar Abdullayeva
“Cebhe.info”