Azərbaycanı dünyada tanıdan DİPLOMATİYA

Bu gün Azərbaycan Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı qeyd olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətini xarici siyasətində strategiyasında böyük uğurlar əldə edilib. Bu uğurlar müxtəlif sahələri — regional əməkdaşlıq, enerji diplomatiyası, beynəlxalq təşkilatlarda fəallıq və strateji tərəfdaşlıqları əhatə edir. Bu siyasətin həyata keçirilməsi və uğurların əldə edilməsində xarici siyasətin koordinasiyası xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Rspublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi və şəxsən şöbə müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə həyata keçirilən bu koordinasiya Prezident İlham Əliyevin xarici siyasət kursunun strateji məqsədlərə çatmasında böyük rol oynayıb.
Azərbaycan diplomatl\iyasının uğurları ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib:
"Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Birinci növbədə bu şərəfli peşənin sahiblərini özəl günləri münasibətilə təbrik edirəm”.
O bildirib ki, Azərbaycan diplomatiyası ölkəmiz müstəqillik əldə etdiyi gündən etibarən bütün dünyada öz peşəkarlığı ilə tanınır:
“Azərbaycan diplomatiyası ölkəmizin həqiqətlərini və ədalətini siyasətin dili ilə dünyaya çatdırır. Azərbaycan diplomatiyası bölgə və dünya ölkələri ilə balanslaşmış siyasət həyata keçirir.
Əlbəttə ki, bu siyasətin və diplomatik gedişlərin başında ölkə Prezidenti cənab İlham Əliyevin peşəkar fəaliyyəti və irəlini görmək bacarığı dayanır. Dövlətimizin başçısı atdığı bütün addımlarında birinci növbədə ölkələrarası balansı qoruyur”.
Millət vəkili xatırladıb ki, dünən Azərbaycan diplomatlarının böyük bir tədbiri keçirildi:
“Bütün dünyada bizi təmsil edən bu şərəfli sahənin əməkdaşları dünən Bakıya toplanmışdılar. Onların əməyi Prezident və dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Elə ötən gün bir neçə diplomata yeni rütbələri verilməsi də yenə də bu sahəyə göstərilən böyük bir diqqətin təzahürüdür”.
Deputat vurğulayıb ki, Azərbaycan diplomatiyasının dünyada tanınması və uğur qazanması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
“Məhz onun hakimiyyətə gəlişi ilə Azərbaycanın bütün dünya ölkələrində səfirlikləri və konsulluqları açılması ənənəsi başlandı. Üçrəngli bayrağımız Birləşmiş Millətlər Təşkilatı və bütün əhəmiyyətli beynəlxalq təşkilatlarda dalğalandı. Beləliklə, Azərbaycan müstəqil ölkə olaraq bütün dünyada tanındı. Əlbəttə ki, bu uğurun arxasında Ümummilli Lider Heydər Əliyevin imzası və onun atdığı balanslı addımlar dayanır”.
Jalə Əliyeva diqqətə çatdırıb ki, bu gün hər birimiz diplomatiyamızla fəxr edirik:
“Biz 44 günlük Vətən müharibəsində diplomatik cəhətdən də tarixi zəfər əldə etdik. Biz həm müharibə meydanında, həm də diplomatik sahədə uğur qazandıq.
Düşünürük ki, bundan sonra da birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimiz və diplomatiyamız daha böyük uğurlar əldə edəcək.
Ölkəmizin qarşısında qoyulan hədəflərə daha tez çatmaq üçün diplomatiyamız da əlindən gələni əsirgəməyəcək. Bir daha bu gün münasibəti ilə diplomatlarımızı təbrik edirik və ölkəmizi təmsil etdikləri ölkələrdə onlara uğurlar arzulayırıq”.
Elmir Mustafa
“Cebheinfo.az”