İran yeni planını işə saldı

“Babül-Məndəb boğazında təhlükəsizliyin təmin olunması üçün Yəmənin husi üsyançılarına qarşı beynəlxalq koalisiya qurula bilər”.
Bu sözləri siyasi şərhçi Elçin Alıoğlu “Cebhe.info”-ya şərhində Yəməndəki Ənsurullah hərəkatı (husilər) ilə bağlı qüvvələrin Babül-Məndəb boğazında İsrail və müxtəlif ölkələrə məxsus gəmilərə hücumları və buna qarşı ABŞ-ın gələcək tədbirləri barədə fikirlərini bölüşərkən bildirib.
O qeyd edib ki, husilərin bölgədəki hücumlarının arxasında İran hakimiyyəti dayanır:
“Ərəbistan yarmadası ilə Şimali-Şərqi Afrika regionu, Qırmızı dəniz ilə Ərəbistan dənizi arasında yerləşən Babül-Məndəb boğazı dünyanın mühüm strateji nöqtələrdən biri hesab olunur. Ərəb dilindən tərcümədə bu ərazi “Gözyaşı kanalı” anlamına gəlir.
İsrail ilə HƏMAS arasında müharibə başladıqdan bəri Yəməndəki Ənsurrulah hərəkatına bağlı olan qüvvələrin Babül-Məndəb boğazı istiqamətində hərəkət edən müxtəlif ölkələrin gəmilərinə hücumları artıb. Husilərin bu hərəkəti dəniz quldurluğudur. Bunun davam edəcəyi təqdirdə bölgəyə konsentrasiya olunan müəyyən qüvvələr yenidən hərəkətə keçəcəklər.
Vaxtilə Cibuti, Eritiya və Yəmən arasındakı dəniz sularında Sudan və Somalidən olan dəniz quldurlarına qarşı beynəlxalq koalisiya qurulmuşdur. Quldurların aktivliyi dəf edildikdən sonra bölgədə bir müddət sabitlik yarandı. Amma husilərin son hərəkətlərindən sonra beynəlxalq koalisiya yenidən fəaliyyətə başlaya bilər.
Beynəlxalq koalisiyaya daxil olan qüvvələr çox yaxşı bilir ki, Ənsurrulah hərəkatını aktivləşdirən İran hakimiyyətidir. Doğrusunu desək, husilər İrandakı molla rejiminin bölgədəki proksi qüvvələridir. İran hakimiyyəti husiləri Babül-Məndəb boğazında və ona yaxın olan dəniz sularında təhlükə törətməyə sövq etməklə Qərblə danışıqlarında mövqeyini möhkəmləndirmək istəyir.
Ancaq İranın bu planı baş tutmayacaq. Çünki husilərə qarışı beynəlxalq koalisiya qurulacaq. Bu koalisiyada ABŞ və NATO-nun digər üzv ölkələri də yer alacaq. ABŞ və NATO Yəməndə Ənsurullah hərəkatına çox ciddi zərbələr endirəcək”.
Yunis Abdullayev
Cebhe.info