Paşinyan İranı da SATDI

Ermənistanla İran arasında da “soyuq küləklər” əsməyə başlayıb.
Belə ki, İran parlamentinin deputatı Robert Beqlaryan ölkəsinin Cənubi Qafqazda gedən prosesləri və Ermənistanla münasibətləri diqqətlə izlədiyini deyib:
“Region ölkələrində qeyri-regional qüvvələrin mövcudluğu və faktoru problemlər yaradır və yaradacaq. İran üçün rəsmi İrəvanın ikitərəfli münasibətlərin inkişafında hansı perspektivləri gördüyünü, Ermənistanın təhlükəsizlik məsələsində İranın rolunu necə qəbul etdiyini, Ermənistanın İranın təhlükəsizlik siyasətinə necə reaksiya verdiyini və Tehranın regionda sülhün qorunmasında prioritetlərini anlaması çox vacibdir”.
Görünür, Rusiyanın ardınca Ermənistanın İranla da münasibətləri pisləşir.
“Beynəlxalq Münasibətlər Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan son atdığı addımlarla region dövlətləri ilə münasibətlərini yaxşı səviyyədə saxlamaq niyyətində olmadığı göstərir:
“Əslində həm Rusiya, həm də İran indiyə kimi Ermənistana açıq şəkildə dəstək verib. Üstəlik, pərdə arxasında Ermənistan-Rusiya mütəffiqliyi də var. Ona görə də rəsmi İrəvan ilk növbədə Rusiyanı, ardınca isə İranı “oyun”dan kənarlaşdırmaq istəyir. Amma hər halda Ermənistan hakimiyyəti açıq şəkildə tərəf tutmalı olacaq. İrəvan hakimiyyəti ya Qərbi, ya da Moskva-Tehranı seçəcək”.
Politoloqun sözlərinə görə, Nikol Paşinyana da Qərb ölkələri məqbul sayılır:
“Əgər Paşinyan Qərbdən imtina etsə, Rusiya və İranı seçsə, onu devirəcəklər. Ona görə də Paşinyan Moskva və Tehrana arxayın ola bilmir. Paşinyan bu səbəbdən də açıq şəkildə Qərbin mövqeyində dayanır. Həmçinin, Qərbin tələbi və istəyi əsasında İranla münasibətləri korlamağa başlayır. Əlbəttə ki, bu da İranın xoşuna gəlmir. Nəticə etibarilə, rəsmi Tehran Ermənistanla münasibətlərə yenidən baxa və təsir rıçaqlarından istifadə edə bilər”.
Elmir Mustafa
Cebhe.info