Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı: Region üçün nə vəd edir?

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı: Region üçün nə vəd edir?

 “Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı Qərbin Cənubi Qafqazda proseslərə müdaxiləsinin qarşısını ala bilər”.

Bunu politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya açıqlamasında Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığının regional təhlükəsizlik arxitekturasının formallaşmasında rolu barədə danışarkən deyib.

O bildirib ki, həm Rusiya, həm də Türkiyənin Azərbaycana dəstək verəcəyi təqdirdə regiondan kənar güclərin regiona müdaxiləsi qeyri-mümkün olacaq:

“Hazırkı dövrdə Türkiyə Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasında mühüm rol oynayır. Bu, inkaredilməz reallıqdır. Türkiyə ilə yanaşı Rusiya da Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.

Belə ki, ABŞ və Avropa İttifaqı, o cümlədən Fransanın ermənipərəst siyasəti Cənubi Qafqazda mürəkkəb vəziyyət yaradıb. Bu vəziyyətin öhdəsindən gəlmək yalnız region ölkələri  -  Rusiya, Türkiyə və Azərbaycanın iqtidarındadır.

Bildirim ki, Azərbaycan və Türkiyə ikitərəfli strateji əməkdaşlığı çərçivəsində ciddi tədbirlər görülür. Yaxın zamanda Qərbin regionda çirkin və məkrli siyasətinin qarşısının alınması üçün Rusiya, Türkiyə və Azərbaycan bu istiqamətdə səylərini birləşdirərək daha kəskin mübarizə aparacaq”.

Politoloqun sözlərinə görə, Fransa, Yunanıstan və Hindistanın Ermənistanı silahlandırması regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinə xidmət edir:

“Həmin ölkələr Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşməsinə əngəl yaradırlar. ABŞ və Avropa İttifaqının irrasional siyasəti də sülhə problemlər yaradır. Buna görə də Rusiya, Türkiyə və Azərbaycan ortaq fəaliyyət göstərmək qərarına gəlib və regionda sabit siyasi ab-havanı qorumaq niyyətindədir.

Hər üç ölkə bu məsələlər üzərində prinsipal mövqe tutmağa üstünlük verir. Hesab edirəm ki, hazırda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı üçün münasib imkanlar yaranıb.

Qeyd edim ki, ABŞ və Aİ-nın rəsmiləri Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla məxfi görüş keçirməklə Azərbaycan, Türkiyə və Rusiyanın regionda ortaq fəaliyyət göstərməsi üçün zəmin yaratdı”. 

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi təsir imkanlarına malik olan güc mərkəzinə çevrilib: 

“Azərbaycanın razılığı olmadan regiondan kənar güc mərkəzləri Cənubi Qafqazda proseslərə təsir edə bilməz. Rusiya və Türkiyə bu məsələdə Azərbaycana çox ciddi dəstək verirlər.

Qərb güc mərkəzləri Azərbaycanın bu addımlarından nəticə çıxarmalıdır. Əks təqdirdə onların Cənubi Qafqazda geosiyasi maraqları fiaskoya uğrayacaq. Qərb ölkələri bu regionda öz maraqlarını həyata keçirmək istəyirlərsə, o zaman Azərbaycanla anlaşmağa məcbur olacaqlar”. 

Yunis Abdullayev 
“Cebhe.info”