Azərbaycanda bitməyən internet problemi: "Vətəndaşlar çığıra-çığıra qalıb"

Azərbaycanda bitməyən internet problemi: "Vətəndaşlar çığıra-çığıra qalıb"

Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, artım nəticəsində internetin orta sürəti bu ilin yanvar ayında 26.3 Mbps təşkil edib. Belə ki, ötən ilin eyni dövründə sürət 17.5 Mbps olub.

Hesablamalar "Ookla" şirkətinin dünyada geniş tanınan "Speedtest Global İndex" metodologiyasına əsasən aparılıb.

Lakin nazirliyin göstərdiyi rəqəmlə reallıq arasında uçurum var. Bunu vətəndaşların internetin sürət və keyfiyyəti ilə bağlı etdiyi şikayətlərdən də görmək mümkündür.

Onu da qeyd etməliyik ki, internet üçün ödənilən aylıq ödəniş onun keyfiyyətinə dəymir.

Azərbaycanda internetin sürəti və keyfiyyəti digər ölkələrlə müqayisədə olduqca aşağıdır.

Belə ki, təkcə bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb. Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.

O zaman sual olunur, söhbət hansı irəliləyişdən gedə bilər? İllərdir danışılan bu problem niyə həllini tapmır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan media eksperti Azər Həsrət bildirib ki, nazirlik vətəndaşlarıb şikayətini heçə sayır:

"Bu sahədən ən çox əziyyət çəkənlərdən biri də mənəm. Dəfələrlə provayderlərin özünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəsmi şəkildə müraciət olunub. Amma nazirlik heç bir tədbir görməyib. Vətəndaşlar çığıra-çığıra qalıb. Nazirlik sanki reaksiya verməyə borclu deyil. Keyfiyyətə gəlincə, aşağı düşüb, qiymət qaldırılır, sürətin yüksəldiyi elan edilir, amma baxırsan ki, adi bir videoya baxmaq olmur.

Provayderə zəng edirsən, yalandan bir şey uydurur. Keçən il başıma bir iş gəldi. İnternet işləmirdi, cürbəcür bəhanələr deyirdilər. Dedim ki, mən bu sahəni anlayan biriyəm, bunu başı çıxmayan birinə deyərsiniz. Axırda dedilər ki, ruteri aparın, bizim idarədə yoxlasınlar, yəqin, onda problem var. Dedim, aparmağına aparacağam, amma onda da problem yoxdur. İdarədə yoxladılar ki, heç bir problem yoxdur.

Provayderlərdə zənglərə cavab verən adamlar yalandan bir şey deyib başdan edirlər. Biz də bu şikayətləri illərdir nazirliyə çatdırırıq, ictimailəşdiririk. Amma heç nə dəyişmir".

Onun sözlərinə görə, problemin kökük Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin laqeydliyidir:

"Məsələn, Xaçmazın Dədəli kəndində "Selnet" adında bir provayder fəaliyyət göstərir. Bu provayder başımıza nə oyun gətirir? Bəzən günlərlə internet olmur.

Zəng vurursan, deyirlər, texniki problemdir. Texniki problem neçə saat, neçə gün davam edər? Bir dəfə, hətta 10 gün davamlı internet olmadı. Söz verdilər ki, bu günləri kompensassiya edəcəklər, amma etmədilər.

Bütün ay ərzindəki ödəməni bizdən aldılar. Bütün bunların da səbəbkarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Vətəndaş şikayət edir, amma dinləmək istəmirlər. Provayderlər görürlər nəzarət yoxdur, necə gəldi işləyirlər. Başqa sahələrdə olduğu kimi, bu sahəyə də Prezidentin əl gəzdirməsinə ehtiyac var.

Adamlar onlara göstərilən etimadı doğrultmur. Problemin kökü laqeydlikdir".

Naibə
Cebhe.info