Söküntü zamanı kompensasiya kimə verilir?

Söküntü zamanı kompensasiya kimə verilir?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Ümumiyyətlə, son zamanlar Bakıda və bölgələrdə qanunsuz tikililərin sökülməsi prosesi gedir. 

Maraqlıdır, tikinti sökülən zaman onun sahibinə hansı hallarda kompensasiya verilir?

Mövzi ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev “Cebhe.info”-ya bildirib ki, tikinti norma və qaydalarının tələblərinin pozulması şəraitində aparılan tikintilər sökülür:

“Bu tikinti işlərinin sökülməsi Fövqəladə Hallar Nazirliyinin tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq qərarla həyata keçirilir. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintinin dayandırılması ilə bağlı qərar verildikdən 6 ay sonrakı müddətə qədər tikinti işlərin aparılması ilə bağlı icazə alınmadıqda, aparılan tikinti zamanı aşkarlanan qayda pozuntları isə tələb olaraq yazıldığı gündən bir il müddətinə aradan qaldırılmazsa, tikinti işləri dayandırılır”. 

Ekspert qeyd edib ki, 2015-ci ildə tikinti obyektlərinin sökülməsi qaydaları təsdiq edilib: 

“Bu qaydalarda tikinti obyektlərinin sökülməsi üçün zəruri olan amillər göstərilib. 

Yəni tikinti obyektlərinin sökülməsi qaydaları da qanunla öz əksini tapıb”.

O, söküntü zamanı sakinlərə kompensasiya verilməsi məsələsinə də toxunub:

"Bakının təsdiqlənmiş Baş Planında sökülməsi planlaşdırılan binaların söküntüsü zamanı orda yaşayan sakinlərə müəyyən məbləğdə kompensasiya təqdim olunur. Müvəqqəti olaraq digər bir yerdə onların yaşaması təmin olunur. Onlara ödənilmiş kompensasiyaya istər həmin ərazidə tikilmiş binadan mənzil ala bilərlər, istərlərsə digər ərazilər üzrə mənzillə təmin olunarlar". 

Ekspert vurğulayıb ki, kompensasiya o halda verilir ki, vətəndaşın yaşadığı evin sənədləri qaydasında olsun:

“Yəni binanın sənədləri tam qaydasında olmalıdır. Həyət evidirsə, çıxarışı olmalıdır.

Bu halda kompensasiya təqdim olunur”. 

Həsən Məmmədov 
"Cebhe.info"