Paşinyanın qarşısına şərt qoyulur

Paşinyanın qarşısına şərt qoyulur

Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.

Müzakirələrin detalları barədə kifayət qədər məlumat verilmədiyindən siyasi müşahidəçilər görüşün mahiyyəti ilə bağlı müxtəlif rəylər irəli sürür. Brüssel sammitinə dair indiyə qədər açıqlanmış ümumi məlumatda qeyd edilir ki, Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistanın inkişafına hərtərəfli dəstək məsələləri müzakirə olunacaq. Ancaq bu dəstəyin nədən ibarət olacağı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Xüsusilə də son günlər Blinkenin və Ursula von der Leyenin Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə dair yayılan məlumatlar Azərbaycanda və Rusiyada narahatlıqla qarşılanıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında Aİ, Ermənistan və ABŞ arasında keçiriləcək müştərək konfransın bölgədə hərbi təxribatlara səbəb ola biləcəyini deyib. “Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”,-deyə rəsmi məlumatda bildirilir. 

XİN bəyan edib ki, bütün tərəfləri sülh səylərinə zidd olan, həmçinin regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Yəni Ermənistanda müxtəlif siyasi qüvvələr və paramilitar qruplar Qərbin Azərbaycana qarşı müharibədə Ermənistana dəstək verəcəyinə ümid edərək şərti sərhəddə atəşkəsi poza bilər. Nikol Paşinyan hakimiyyəti isə Ermənistanın təhlükəsizliyinin təminatını Qərbin silahlı qüvvələrinin ölkəsinə cəlb edilməsində görür. Bu məqsədlə rəsmi İrəvan Avropa ölkələrini və ABŞ-ni Ermənistanın xarici təhdidlərdən qorumaq üçün müdafiə sahəsində dəstəyə ehtiyacı olduğuna inandırmağa çalışır. 

Qeyd edək ki, Ermənistan təhlükəsizliyin diversifikasiyası adı altında Qərb təhlükəsizlik sisteminə inteqrasiya etməyə və paralel olaraq Rusiyadan uzaqlaşmağa cəhd edir. Qərbin bu zəmanəti verməsi isə bir sıra geosiyasi, hərbi və hüquqi proseslərlə bağlı razılaşmalardan asılıdır. Təbii ki, Cənubi Qafqazda geosiyasi baxımdan fəallaşmağa çalışan Qərb bu strateji məqsədlərinə çatmaq üçün Ermənistana kifayət qədər dəstək verməyə hazırdır. Çox güman ki, aprelin 5-də keçiriləcək görüşdə də bütün variantlar müzakirə olunacaq. ABŞ və Avropa Komissiyası Ermənistana Qərbə inteqrasiya istiqamətində lazım olan dəstəyi vəd edəcəklər. Ancaq təhlükəsizliyin təminatı məsələsində tərəflərin ortaq məxrəcə gələcəyi real görünmür. Nikol Paşinyan hökuməti amerikalı müşahidəçilərin Ermənistan-Azərbaycan şərti sərhədinə cəlb edilməsində maraqlıdır. Avropa İttifaqından fərqli olaraq, Azərbaycanla-Ermənistan arasında sülh təşəbbüsü ilə çıxış edən ABŞ indiki situasiyada belə bir addımın atılmasını istəmir. Əks təqdirdə, ABŞ müşahidəçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi Azərbaycanın Vaşinqton platformasından imtina etməsinə səbəb ola bilər. ABŞ Dövlət Departamentinin sözçüsü Meytu Millerin Azərbaycanın narahatlığı ilə bağlı son açıqlaması da bunu təsdiq edir. Miller bildirib ki, müzakirələr Ermənistanın ticarət tərəfdaşlıqlarının şaxələndirilməsinə, humanitar ehtiyacların həllinə və onun iqtisadi dayanıqlığının dəstəklənməsinə yönəldiləcək. Yəni ABŞ Ermənistanın təhlükəsizlik “çətiri” altına alacağına söz vermir. 

Mövcud vəziyyətdə ABŞ üçün prioritet Ermənistanın Rusiyanın iqtisadi asılılığından çıxarılmasına yönəlik konyukturun formalaşmasıdır. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyi təqdirdə və Rusiya sərhədçilərini ölkədən çıxartmaq istədiyinə görə, Moskvanın ciddi təzyiqləri ilə üzləşəcək. Rusiyanın Ermənistanla quru sərhədləri olmadığına görə Kreml əsas vasitə kimi iqtisadi təzyiqlərə əl ata bilər. Ona görə də ABŞ və Avropa Komissiyası Ermənistana maliyyə, iqtisadi və humanitar yardımları artırmaq barədə razılığa gələcək. Eyni zamanda, Brüssellə Vaşinqton bu və ya digər şəkildə Rusiyanın regionda təsirinin zəifləməsinə gətirib çıxaracaq addımlarda İrəvana hər cür dəstəyi verəcək. Çox güman ki, qapalı danışıqlarda ABŞ və Avropa İttifaqı Ermənistanın KTMT-dən çıxması səylərinə ciddi siyasi dəstək verəcək. Bu, ilk növbədə, Qərbə Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirinin azaldılması baxımından lazımdır.

İkincisi, Ermənistan təhlükəsizlik sistemini dəyişmək üçün Hərbi Doktrinasını, Milli Təhlükəsizlik Strategiyasını və digər hüquqi-normativ aktları yeniləməlidir. Çünki mövcud qanunvericilik bazasına görə Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiya və KTMT sayılır. Ermənistan bundan imtina etmədən Qərb hər hansı təhlükəsizlik zəmanəti verməyə hazır deyil. Paşinyan hakimiyyəti xarici təhdidlərdən və münaqişələrdən müdafiə məqsədilə Qərbin təhlükəsizlik təminatının alınmasına çalışır. Qərb isə Ermənistanın təhlükəsizliyinə iki halda zəmanət verməyi vacib hesab edir. İlk növbədə, Qərb Ermənistanın Rusiyanın təhlükəsizlik sistemindən çıxması üçün mövcud hüquqi-normativ aktlara xitam verilməsini istəyir. Ona görə də yəqin ki, Brüsseldə Paşinyanın qarşısında ölkədə hüquqi islahatları sürətləndirmək, konstitusiyanı dəyişmək şərti qoyulacaq. Qərbin Ermənistana verəcəyi ikinci mühüm təminat Azərbaycanla sülh prosesinə dəstək ola bilər. Ona görə də yəqin ki, Blinken və Ursula fon der Leyen şübhəsiz ki, Paşinyandan sülh müqaviləsini imzalamağı tələb edəcək. Çünki Ermənistanın təhlükəsizliyinə ən yaxşı təminat rolunu sülh müqaviləsi oynaya bilər. Bu isə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına, sərhədlərinin və kommunikasiyaların açılmasına gətirib çıxaracaq. 

Regionda belə bir şəraitin yaranması isə Ermənistanın Qərbə inteqrasiyası üçün ən yaxşı vasitədir.

 Müşfiq Abdulla
"Cebhe.info"