Rusiya Qarabağda 4 ölkə ilə qarşı-qarşıya

Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanın xəbərdarlıqlarını məhəl qoymur.
Belə ki, nazirliyin yaydığı növbəti informasiya bülletenində Rusiya sülhməramlı kontingentinin xidməti ərazisindən bəhs edilərkən yenə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verilib. Bundan başqa, informasiya bülletenində “Stepanakert, Mardakert, Martuni” kimi erməni toponimlərinin də adı çəkilib. Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir:
“Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edərək bu informasiyalarda Azərbaycan toponimlərindən istifadəni vacib sayıb. Lakin rəsmi Moskva öz məkrli siyasətini davam etdirir. Hətta Rusiyaya nota verilməsinə rəğmən, qarşı tərəf çirkin mövqeyindən əl çəkmir.
Cebhe.info-ya açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, nə Dağlıq Qarabağ adlı bir inzibati ərazi vahidi, nə də belə bir münaqişə var:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcud olduğu qədər, gündəmdə olan məsələ də Ermənistan-Azərbaycan münasibətləridir. Retrospektiv qaydada məsələlərin geriyə çəkilməsi yolverilməzdir. Bu, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə olduqca ciddi təhdiddir. Belə olduğu təqdirdə Ermənistan təzyiqlərdən yayınır və danışıqlar masasından uzaqlaşır. Toponimlərin də erməniləşdirilməsi qəbulolunmazdır. “Mardakert” yox, AĞDƏRƏ! "Martuni" yox, XOCAVƏND! “Stepanakert” yox, XANKƏNDİ! Digər tərəfdən də qeyd etməliyik ki, Ermənistan-Rusiya arasında anlaşmazlıqlar daha da dərinləşir. Belə bir məqamda Rusiya-Azərbaycan münasibətlərinin daha da irəliləməsini balansda saxlamaq lazımdır.
İstisna deyil ki, məhz bu da həmin məqsədlərlə atılmış addımdır. Bununla bağlı rəsmi qurumlarımız bəyanat, hətta Rusiya tərəfinə nota da verib. Məsələ sadəcə bununla kifayətlənmir, rəsmi Kremlə yaxın media resursları cinayətkar-avantürist Ruben Vardanyana geniş platformalar təqdim edir, onun fikirləri rus mediasında tirajlanır. Rusiyanın xarici işlər naziri Serqey Lavrov hər nə qədər bildirsə də ki, Ruben Vardanyanın Rusiya ilə əlaqəsi mövcud deyil, əslində, reallıq nədən başqadır. Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir. Düşünürəm ki, aksiyanın davam etdiyi bir məqamda Volkovun hələ də aksiyaçıların qarşısına çıxmaması fonunda Rusiya digər tərəfdən də belə addımlar atmaqla Xankəndi və mədənlərlə, resurslarla bağlı dəyərini artırır”.
Politoloq vurğulayıb ki, Xankəndi ilə bağlı məsələdə Ermənistan artıq oyundankənar vəziyyətdə qalıb:
“Bu məsələdə tərəflər Rusiya və Azərbaycandır. O da sirr deyil ki, Fransa Ermənistan vasitəsilə Rusiyanın əleyhinə iş aparır, ən pis variantda isə cüzi olsa belə pay almaq baxımından Rusiyaya ümid edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlum bəyanatını Kremlin sözçüsü Dmitri Peskovun “təxribat” adlandırması da bu arqumentimizi sübut edir. Yəni mədənlər üzərindən iqtisadi məsələlər Ermənistanın oyundan kənarda tutulması ilə gedirsə, Ermənistan da Zəngəzur dəhlizinin açılmaması üçün əngəllər törədir, Rusiyaya təzyiq edə biləcəyini zənn edir.
Lakin düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Rusiya yaxın mövqeləri bölüşürlər. Bunu görən Ermənistan isə Fransaya üz tutur ki, burada isə birmənalı şəkildə Azərbaycanın stopu ilə üzləşir. Bu gün Cənubi Qafqazın rəngarəng olan siyasi palitrası bəlkə də heç zaman olmadığı qədər mürəkkəb, eyni zamanda regiondankənar aktorlarla və amillərlə daha dərindən bağlıdır. Məqsədli şəkildə belə məsələlər vasitəsilə atılan addımlar tərəflərə öz manevr imkanlarını geniş tutmağa imkan verir. Çünki bir mərhələdə Rusiya təkcə Azərbaycanla, Ermənistanla deyil, bir tərəfdə Türkiyə, o biri tərəfdə isə Fransa ilə üz-üzə qalır”.
Elmir Mustafa
Cebhe.info