Regionların inkişafı: Dövlət hər şeyi edir

Regionların inkişafı: Dövlət hər şeyi edir

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 

Regionların inkişafı ölkə iqtisadiyyatının dayanıqlığını təmin edən əsas faktordur. Regionlar kənd təsərrüfatı məhsullarının istehsalında və daxili bazarının təminində çox böyük paya sahib olması dövlət üçün prioritet məsələdir. Bu baxımdan reginların inkişafı ilə bağlı dövlət ciddi addımlar atır. Amma bu istiqamətdə müsbət nəticələr olduğu kimi, problemlər də var. Bu günə qədər dövlət tərəfidən icra olunan 4 proqrama baxmayaraq, hələ də müəyyən çatışmazlıqlar var. Amma bu proqramların müsbət nəticələri də kifayət qədərdir. Belə ki, elə 2024-cü il üzrə dövlət büdcəsində rayonların dotasiyadan azad edilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində icra olunan proqramların müsbət nəticəsidir. 

Qeyd edək ki, 2024-cü ilin büdcə layihəsində mərkəzləşdirilmiş qaydada dotasiya alacaq rayonların sayı minimuma endirilib. Bu il yalnız Yardımlı rayonu və işğaldan azad olunmuş bölgələr büdcədən dotasiya alacaq. Qalan rayonlar isə bu il büdcədən dotasiya almayacaq. Bu isə yeni mərhələnin - rayon və şəhərlərin özünümaliyyələşdirmə dövrünə keçid prosesinin başlaması anlamına gəlir. 

Xatırlatma üçün qeyd edək ki, ötən il-2022-ci ildə 14 rayona dotasiya ayrılmışdı. 2023-cü ildə isə Lerik və Yardımlı işğaldan azad olunan rayonlarla birgə dövlət büdcəsindən dotasiya almışdı. Digər müsbət nəticələr isə rəqəmlərdə görünür. Rəsmi rəqəmlərə görə, ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 2020-ci ilin statistik göstəricilərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. 

Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib. Xatırladaq ki, bu günə qədər regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları həyata keçirilib. Sonuncu isə 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunub. 

Qəbul olunan proqramlarda bütün bəndlər, o cümlədən nəzərdə tutulan hədəflər müstəqil ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Amma proqramların icrasındakı problemlər yekunda hədəflərə çatmağa imkan yaratmır. Hədəflər isə proqramların qəbulu zamanı elan olunmuşdu. Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə icra olunan 4 proqramın hər birində əsas hədəf regionların regionların dövlət büdcəsinin formalaşmasında və xarici ticarətdə pay sahibi olması idi. 
Amma bu hədəfə konkret olaraq nail oluna bilinməyib. Hazırda bu məsələdə də ciddi problemlər mövcuddur. Məsələn, son 20 ildə büdcənin formalaşmasında 90-91, xarici ticarətdə isə 90-92 faiz Bakı və Abşeronun payına düşür. Regionların isə büdcənin formalaşmasında payı yox dərəcəsindədir. 

“Regionların inkişafı ilə bağlı kriteriyalar müəyyənləşəndə bütün proqramlarda yazılmışdı ki, regionların sosial-iqtisadi inkişafı xarici ticarətdə onların rolu və büdcənin formalaşmasında onların payının artması ilə müşahidə olunacaq. Amma təəssüf ki, statistik göstəricilər bunu deməyə əsas verir”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı “Cebhe.info”-ya danışarkən deyib.

 İqtisadçı-alim Fuad İbrahimov isə deyir ki, dövlət proqramlarının icrasının effektiv olmamasının səbəbi qurumlar arasında düzgün inteqrasiyanın yoxluğudur:

“Söhbət ondan gedir ki, bu gün texnologiya dövrüdür və qurumlar hansı kəndlinin qapısında təsərrüfatı varsa, onun qeydiyyatını aparmalıdır. Bir düymə basmaqla bilməlidir ki, o təsərrüfatda hansı məhsul itehsal olunur, onun hansı problemləri var. Yerli icra qurumları bu haqda mərkəzi orqanları məlumatlandırmalıdır. Kəndli su dalınca qaçmalı deyil, aidiyyəti qurum özü gəlib deməlidir ki, sənin bu qədər suya ehtiyacın var, biz bu suyu veririk, sən də bu qədər məhsul verəcəksən. Amma kəndli bunlar üçün kimlərə xahiş-minnətə getməli olur. Məmurlar isə kreslodan durmaq istəmirlər”. 

Göründüyü kimi, icra olunan dövlət proqramlarının müsbət nəticələri var. Amma problemlər də var.

Problemlər isə müxtəlif səbəblərdən qaynaqlanır. Müstəqil ekspertlər qoyulan hədəflərə tam şəkildə nail olunmamanın səbəblərindən biri kimi yerlərdəki məmurların proqramların icrasına düzgün yanaşmamaqda görür. Söhbət ondan gedir ki, qəbul edilən layihələr, imzalanan sərəncamlar, verilən qərarlar hər biri bu işin effektiv olmasına tam şəkildə cavab verir. Amma yerlərdəki məmurların bu layihələrin icrasına laqeyid münasibəti dövlətin gördüyü işləri, xərclədiyi vəsaitləri havaya sovurur. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebhe.info”