Sülh müqaviləsindən sonra nə baş verəcək? – TƏHLİL

Sülh müqaviləsindən sonra nə baş verəcək? – TƏHLİL

Azərbaycan-Ermənistan sülh prosesi üzrə ikitərəfli qaydada aparılan danışıqlar və təmaslar öz müsbət nəticəsini verməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı önəmli məsələlərə toxunub. 

Dövlət başçısı bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə doğru yaxınlaşmaqdadır:

“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tamamilə haqlıdır. Məhz ölkəmizin hərbi gücü, qətiyyəti və əzmkarlığı nəticəsində 30 illik münaqişəyə son qoyuldu.

Doğrudur, Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində diplomatik yolla həll olunmasına çalışırdı, amma Ermənistanın işğalçılıq siyasətini öz xarici siyasi kursuna çevirməsi və vasitəçilərin münaqişəyə son qoymaq əvəzinə erməni tərəfinə havadarlıq etməsi, ölkəmizin hərbi-siyasi rəhbərliyinə heç bir seçim qoymadı. 

Son 30 il ərzində ATƏT-nin Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqlar “gözə kül üfürməkdən” başqa bir şey deyildi. Beynəlxalq güc mərkəzləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri “münaqişənin diplomatik yoldan başqa həll variantı yoxdur”, “hərbi gücdən istifadə yolverilməzdir”, “müharibə münaqişəni həll etməyəcək” kimi bəyanatlar verməklə münaqişənin nizamlanması prosesinə mane olurdular. 

Lakin Azərbaycan ərazilərinin işğal altında qalmasına, erməni işğalçılarının təxribatlarına və vasitəçilərin riyakarlığına daha da dözmək niyyətində deyildi. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə ərazilərini işğaldan hərbi güc yolu ilə azad etmək qərarına gəldi. Məhz 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, Ordumuzun əzmkarlığı və şücaəti, xalqımızın sarsılmaz birliyi hesabına Ermənistan ordusu darmadağın edildi, erməni işğalçılarının uzun müddət ərzində qurduğu bütün istehkamlar və mövqelər məhv edildi. Nəticə etibarı ilə doğma və tarixi torpağımız - Qarabağda erməni işğalına birdəfəlik son qoyuldu. İlham Əliyev yeni tarixdə görünməmiş böyük zəfərə imza atdı.

Xatırladaq ki, 2023-ci ilin sentyabrın 19-da Azərbaycan Ordusunun birgünlük antiterror əməliyyatları da mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq. Məhz ordumuzun  son 24 saat ərzində apardığı uğurlu hərbi əməliyyatları nəticəsində ərazilərimiz qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizləndi və qondarma rejim özünü buraxdı.

Şükürlər olsun ki, üçrəngli bayrağımız Xankəndi, Xocalı, Xocəvənd, Əsgəran və Ağdərədə dalğalanır.

Azərbaycan bütün dünyaya sübut etdi ki, istənilən işğala hərbi yolla son qoyulması mümkündür. Hətta vurğulamağa dəyər ki, Azərbaycanın erməni işğalçıları üzərində qələbəsi münaqişədən əziyyət çəkən ölkələr tərəfindən çox yüksək qiymətləndirilir. Azərbaycan öz hərbi gücü və qüdrəti hesabına haqq və ədaləti bərqərar edib, regionda dayanıqlı sülhün təmin olunmasına yol açıb.

Artıq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaradan heç bir ciddi maneə qalmayıb. Düzdür, bu sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında, Müstəqillik Bəyannaməsində və hərbi doktrinasında qonşularına qarşı ərazi iddialarını təbliğ edən müddəaların ləvğ edilməsinə ehtiyac var. Amma Paşinyan hakimiyyətinin Azərbaycanın təlimatını nəzərə alıb bu istiqamətdə lazımi addımlar atacağına şübhə yoxdur.

Eyni zamanda İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini də qəbul edib və həmin təkliflər üzərində öz təkliflər paketini hazırlayıb. Rəsmi Bakı ilə İrəvan arasında sülh müqaləsinin imzalanacağı təqdirdə bu, Cənubi Qafqazda mühüm siyasi proseslərin meydana gəlməsinə gətirib çıxaracaq. Sözsüz ki, həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan regional sabitliyə yönələn bu proseslərdən faydalanacaqlar. 

İlk növbədə, yəni sülh sazişinin imzalanmasından sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq, üç ölkə arasında diplomatik-siyasi münasibətlərin normallaşması prosesi başlayacaq. Bununla bərabər, nə Azərbaycanda, nə də Ermənistanda müharibə qorxusu olacaq. Yəni iki qonşu ölkə hərbi qarşıdurmalara deyil, qarşılıqlı münasibətlərin qurulmasına və inkişafına cəlb olunacaqlar. 

Regionda sülhün bərqərar olunması Zəngəzur dəhlizinin də reallaşmasına öz təsirini göstərəcək.

Azərbaycan, Ermənistan və Türkiyəni bir-birilə birləşdirən bu dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin mühüm prioriteti olan “Orta Dəhliz” üzərindən logistik yüklərin qısa zamanda daşınmasına münasib şərait yaradacaq.

Bildirim ki, Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvana və Türkiyəyə çıxış imkanları əldə edəcəyi halda Ermənistanın da Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları olacaq. Regional sülh və sabitliyin möhkəmlənməsi fonunda Cənubi Qafqaz Şimal ilə Cənub və Şərq ilə Qərb arasında beynəlxalq nəqliyyat qovşağına çevriləcək. Bu da beynəlxalq güc mərkəzlərinin, xüsusilə Çin, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının regiona böyük həcmdə investisiya yatırmasına yol açacaq.

Digər önəmli məqama gəlincə, həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə sərhəddində azad iqtisadi zonaların əsasının qoyulması nəzərdən keçiriləcək. Təbii ki, bu zonalar Azərbaycan, Ermənistan və Türkiyə vətəndaşlarının qarşılıqlı şəkildə ticarət əlaqələri qurması, yerli istehsal məhsullarının satışı üçün imkanlar yaradacaq. Ermənistan uzunmüddətli təcriddən xilas olub regional layihələrə qoşulacaq və beynəlxalq ictimaiyyətə tam inteqrasiya olunacaq. 

Azərbaycan isə regionda geniş təsir imkanlarına malik olan geoiqtisadi güc mərkəzinə çevriləcək. Elə bir vəziyyət yarana bilər ki, Gürcüstanda olduğu kimi Azərbaycan Ermənistanda da iqtisadi və enerji layihələri həyata keçirsin. Nəhayət, Cənubi Qafqaz formatının formallaşmasından ötrü birgə addımlar atılacaq. 

Yəni, Azərbaycan, Gürcüstan və Ermənistan bu format çərvəsində regional proseslərin nizamlanması, üçtərəfli diplomatik-siyasi və iqtisadi münasibətlərin qurulması, ən əsası da bütün region üçün vacib olan konsepsiyanın müəyyənləşməsi istiqamətində əməkdaşlıq edəcəkləri istisna deyil.

Bütün bu proseslər ancaq Azərbaycan ilə Ermənistan arasında davamlı və dayanıqlı sülhün bərqərar olunacağı təqdirdə mümkün olacaq. Ümid edək ki, sülh müqaviləsi tez bir zamanda imzalanacaq. 

Yunis Abdullayev 
“Cebhe.info”