Kitabxanalar çətin durumda: Kitab qoxusu qeybə çəkilir
Son günlər aktual olan mövzulardan biri də ölkədə fəaliyyət göstərən kitabxanaların mövcud vəziyyəti ilə bağlıdır.
2024-cü ilin sonuna ölkədə fəaliyyət göstərən kütləvi kitabxanaların sayı 2 914 ədəd olub. Son illər bu göstərici dəyişməz qalaraq sabit səviyyədə saxlanılıb.
Lakin kitabxana fondunun ümumi həcmi azalmağda davam edir. Belə ki, 2020-ci ildə fond 32 milyon nüsxə, 2021 və 2022-ci illərdə 31 milyon nüsxə, 2023 və 2024-cü illərdə isə cəmi 28 milyon nüsxə təşkil edib. Bu, son hesabat dövründə 4 milyon nüsxə azalma deməkdir.
Bugünlərdə mədəniyyət naziri Adil Kərimli bildirib ki, kitabxanaların cəmiyyətin hər bir üzvü üçün əlçatan olması əsas hədəf kimi qoyulub:
“Hər kəs üçün əlçatan olması üçün sistem hazırlanır. Kitabxanalar bu sahədə tələbatı tam ödəmir. Məqsəd odur ki, gələcəkdə bu tələbat 100 faiz ödənilsin”.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə bildirib ki, Azərbaycanda kitabxanaçıların cəmi 7 faizindən bir az artıq öz sahəsi üzrə çalışan ali təhsilli mütəxəssisdir:
“Fəaliyyətdə olan kitabxanalarda ən çox qarşılaşdığımız çətinliklər kitabxananın fiziki olaraq vəziyyəti, eyni zamanda kitabxanalarda nəzərdə tutulan bölmələrin beynəlxalq standartalara və bugünkü oxucu tələblərinə cavab verməməsi ilə bağlıdır.
Fiziki baxımdan kitabxanaların 80 faizdən çoxunda müasir tələblərə uyğun fəaliyyətin qurulması yumşaq desək mümkün deyil. Kitabxanaların 90 faizinə qədərində oxu zallarının olmaması infrastrukturla bağlı qarşılaşdığmız ən aktual məsələlərdəndir.
Kitabxanaçı deyildikdə bu sahədə faəliyyət göstərən ixtisaslı mütəxəssisdən söhbət gedir. Reallıqda baxdıqda kitabxanaların böyük əksəriyyətində bu sahədə ixtisaslı ali təhsilli mütəxəssislərin sayı 7 faizdən bir az çoxdur".
Nazir müavini qeyd edib ki, Azərbaycanda kitabların yarıdan çoxu kril əlifbasındadır.
Onun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 %-i kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır:
"Bu da kitabxana fondlarında kiril əlifbalı nəşrlərin hələ də üstünlük təşkil etdiyini göstərir. Hzırda ölkə kitabxanalarının fondunda 18,8 milyona yaxın nəşr mövcuddur. Onların 15,9 milyondan çoxu və ya 84,6 %-i Azərbaycan dilində, 2,9 milyondan çoxu isə xarici dillərdədir".
Qeyd edək ki, bir vaxtlar ölkədə oxucular kitabı mağazalardan alır və yaxud kitabxanlarda oxuyardılar. Son illər isə elektron kitablara müraciət edənlərin sayı artmağa başladı. Hazırda isə ölkədəki kitabxanaların mövcud vəziyyəti qənaətbəxş deyil. Bəzi oxucular artıq kitabxanaya ehtiyacın olmadığını, bir qism isə elektron kitablara üstünlük vermədiyini deyir.
Mövcud vəziyyətini nəzərə alsaq, kitabxanaların yenidən qurulmasına ehtiyac var, yoxsa artıq oxucular elektron kitablardan istifadə etməlidir?
Məsələ ilə bağlı millət vəkili Aqil Abbas “Cebheinfo.az”-a bildirib ki, elektron kitabxana vacibdir:

“Ancaq kitabxanalarla bağlı islahatlar aparılır. Dövlət kiril əlifbasında olan kitabları yenidən çap etməyi planlaşdırır. Bugünlərdə Milli Məclisdə bu barədə müzakirə oldu. Mədəniyyət Nazirliyi bu istiqamətdə mühüm addım atır.
Kitabxanaya hər zaman ehtiyac var. Elektron kitabxana hamının evində də, mobil telefonunda da var. Ancaq kitabın öz gözəlliyi var. Elektron kitablarla bağlı bu gün bölgələrin əksəriyyətində internet var.
Ola bilər ki, bəzi kəndlərdə yoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə böyük işlər görür ki, hər yerdə internet olsun. Ən ucqar dağ kəndlərində olmuşam və orada da internet görmüşəm.
Yəqin olmayan yerlər var və oraya da internet çəkilir. İnternet varsa, demək elektron kitabxanada var. Mən kitabdan oxumağı daha çox xoşlayıram. Çünki kitabın ətri, qoxusu, gözəlliyi var”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı isə bildirib ki, kitabxanasız kənd, qəsəbə, şəhər, ölkə, dövlət olmaz:

“Biz orta əsrlərə qayıtmırıq. Elektron kitab əsl kitabı əvəz edə bilməz”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

