Zəhərə dönən toylarımız: Məsuliyyət yükünü kim daşıyır?

Zəhərə dönən toylarımız: Məsuliyyət yükünü kim daşıyır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.

Bu barədə AQTA məlumat yayıb.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Xatırladaq ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasim zamanı zəhərlənən 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

Xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb. 

Qeyd edək ki, ölkədə toy və yas mərasimlərində kütləvi zəhərlənmə hallarının baş verməsi ilk hadisə deyil. Bugünədək dəfələrlə belə hallar müşahidə edilib. Hadisənin başvermə səbəbi kimi də əsasən mərasimlərdə köhnə qidaların servis edilməsi göstərilir.

Kütləvi zəhərlənmə hallarının artmasının əsas səbəbi nədir? 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Cebheinfo.az"a bildirib ki, ümumiyyətlə, yay aylarında zəhərlənmələrin sayı digər fəsillərə nisbətən daha çox olur:

"Xüsusilə də bu kütləvi qidalanma, məclislərdə, restoranlarda daha çox özünü göstərir. Çünki çox miqdarda qidaların hazırlanması və xüsusilə də temperatur rejiminin yüksək olduğu bir vaxtda soyuducuda saxlanılmalı olan yüksək rsik qrupuna aid olan qidaların açıq hava şəraitində saxlanılması onların tərkibinin pozulmasına, onlarda kimyəvi dəyişiklik olmasının, eyni zamanda bioloji dəyişiklik olması zəhərlənməyə gətirib çıxarır. 

Xüsusilə də nəzərə almaq lazımdır ki, yüksək risk qrupundan olan qidalar var və buna ilk növbədə mayonezli salatları göstərmək olar. Çünki onların tərkibində həm bişirilmiş tərəvəzlər, eyni zamanda zülal tərkibli ət və və ən təhlükəlisi mayonezdən istifadə olunur ki, bu qidalarda uzun saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır.

Eyni zamnda da bu kimi qidaların yaxşı olar ki, yay mövsümündə istifadəsi azaldılsın və belə qidalar soyuq temperaturda saxlanılmalıdır. Artıq süfrəyə verildiyi anda qarışdırılması tövsiyə olunandır.Ancaq bəzən elə olur ki, məclisdə bir neçə saat əvvəldən onlar artıq hazır vəziyyətdə masalara düzülür ki, bu da onların uzun müddət qalıb xarab olmasına gətirib çıxarır.

Bəzi hallarda mayonezlər bu kimi temperaturda qaldıqda keyfiyyəti aşağı düşür və insan orqanizmində zəhərlənmələrə gətirib çıxarır. Mayonezlərin üzərində 3-6 ay ərzində istifadə olunması göstərilsə də, bəzən məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan istifadə olunur. Bunlarda ağzı açıldıqdan sonra belə, uzun müddət istifadə olunur. Belə halda müddəti keçmiş məhsulların istifadə olunması riskləri də var".

Onun fikrincə, eyni zamanda da bir çox qarışıq, bir-biri ilə uyğun olmayan yeməklərin qəbulu da həzm sisteminin çətinləşməsinə, sağlamlıq problemlərinə gətirib çıxarır: 

"Yaxşı olar ki, qızardılmış yeməklərdən çox istifadə olunmasın. Eyni zamanda da bir neçə çeşid ətdən istifadə etdikdə bu da insan orqanizmində həzm probleminin olmasına, maddələr mübadiləsinin aşağı düşməsinə  gətirib çıxarır. Bəzən olur ki, qızarmalar, qovurmalar bir neçə gün öncə hazırlandığı və ət də risk qrupuna aid olduğu üçün köhnə yeməklər sırasında olduğuna görə immun sistemi zəif olan, xroniki xəstəliyi olan, həssas, yuxarı yaşlı insanlarda, azyaşlılarda sağlamlıq probleminə gətirib çıxarır.

Bu qidalarla birlikdə qazlı, rəngli içkilərdən istifadə etmək isə vəziyyəti daha da ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqı maddələri insan orqanizmdəki zəhərlənməyə, bir çox problemlərin olmasına gətirib çıxarır. 

Ona görə insanlar bir çox hallarda toy məclislərindən sonra mədədə ağırlıq, şişkinlik, hətta bir neçə gün sonra baş ağrısı, qarın nahiyəsində ağrılarla şikayətlənirlər.Bu da həmin qidalanma rejiminin pozulması, köhnə qidaların qəbulu, yaxud təzə qida olsa belə, düzgün şəraitdə saxlanılmadan tərkibi pozulmuş, xarab olmuş məhsullardan istifadə edildiyi halda bu kimi hallar baş verir.

Ona görə yaxşı olar ki, toy məclislərində zəhərlənmələrdən qaçmaq üçün qarışışdırılmış tərəvəzli, ətli qidalar var ki, onlardan uzaq dursunlar. Daha təzə bişən, bişirildiyi anda servis edilən, daha az yağda bişirilmiş məhsullar, təzə tərəvəzlərdən hazırlanana salatlardan istifadə etsinlər. Xüsusilə bu qaydalara yay mövsümündə daha çox əməl etsinlər ki, zəhərlənmələrdən uzaq qala bilsinlər".  

Nigar Abdullayeva
"Cebheinfo.az"