Epidemiya can alır: Ölənlərin sayı 127-yə yüksəlib

Nigeriya rəsmiləri ölkədə davam edən Lassa qızdırması epidemiyasında indiyədək 127 nəfərin öldüyünü bildiriblər.
"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (NCDC) ölkədə ilin əvvəlindən bəri Lassa qızdırmasından 127 nəfərin öldüyünü açıqlayıb.
NCDC-nin dünən verdiyi açıqlamaya görə, epidemiya başlayandan bəri ümumilikdə 4,025 şübhəli hadisə aşkar edilib.
Bildirilib ki, bu halların 674-ü laboratoriya müayinələri ilə təsdiqlənib. Ən çox təsirlənən yaş qrupu 21-30 yaş arası gənclər olarkən, yoluxanların əksəriyyətinin kişilər olduğu qeyd edilib.
Qurum vurğulayıb ki, epidemiya ilə mübarizədə üzləşdiyi ən böyük problemlər əhalinin səhiyyə xidmətlərinə müraciət edə bilməməsi, bəzi bölgələrdə müalicə xərclərinin yüksək olması və məlumatlılığın olmamasıdır.
Baş verənlərə qarşı ümummilli reaksiya səylərini əlaqələndirmək üçün çox sektorlu insidentlərin idarə edilməsi sistemi tətbiq edilmişdir.
“Lassa qızdırması” adətən gəmiricilərin sidiyi və ya nəcisi ilə çirklənmiş qida, məişət əşyaları ilə təmasda yoluxur.
Xəstəlik insanlara yoluxmuş siçovulların sidiyi, nəcisi və ya tüpürcəyi ilə birbaşa təmasda da keçə bilər.
Nigar Hacılı
"Cebheinfo.az"