“Honda” istehsalını Meksikadan ABŞ-yə köçürür

Yaponiyanın məşhur avtomobil şirkəti "Honda" Tramp administrasiyasının tətbiq etdiyi 25 faizlik gömrük rüsumları səbəbilə Kanada və Meksikadakı istehsalını ABŞ-yə köçürmək qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, "Honda Motor" qarşıdakı iki il ərzində Kanada və Meksikadakı bəzi istehsal xətlərini ABŞ-yə daşıyacaq.
Şirkət bu addımı ABŞ-də avtomobil idxalına tətbiq olunan 25 faizlik gömrük rüsumlarına cavab olaraq atır.
Hazırda "Honda" ABŞ-a ildə təxminən 1,42 milyon avtomobil satır ki, bu da şirkətin qlobal satışlarının 40 faizini təşkil edir. Onların təxminən 1 milyonu ABŞ-də istehsal olunur, 500 minə yaxını isə əsasən Kanadadan idxal edilir.
Yeni qərara əsasən:
“CR-V” və “Civic” modellərin istehsalı Kanadadan ABŞ-yə, “HR-V” modelinin istehsalı isə Meksikadan ABŞ-yə köçürüləcək.
Şirkət ABŞ-dəki istehsal gücünü 30 faiz artırmaq niyyətindədir. Bu dəyişikliklər başa çatdıqdan sonra ABŞ-də satılan “Honda” avtomobillərinin 90 faizi elə ölkə daxilində istehsal olunacaq.
Qeyd edək ki, Yapon avtomobil şirkətləri uzun illər ABŞ, Kanada və Meksika arasında mövcud olan sıfır gömrük rüsumlu ticarət razılaşmasından yararlanaraq daha ucuz əmək qüvvəsinə malik Kanada və Meksikada istehsal mərkəzləri qurmuşdu.
Lakin Tramp administrasiyası bu üstünlüyü aradan qaldıraraq bütün avtomobil idxalına 25 % rüsum tətbiq edib “Honda”-nın istehsalı tam olaraq ABŞ-yə köçürməsi ən azı iki il vaxt aparacaq.
Səbinə Uğur
"Cebheinfo.az"