Kallas: Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib

Avropa İttifaqına (Aİ) üzv ölkələr Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv etmək qərarına gəliblər.
Bu barədə icma diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunları üzrə “X” sosial şəbəkəsində yazıb.
“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, inkluziv və dinc Suriyanı bərpa etməkdə kömək etmək istəyirik”, - o qeyd edib.
Kallasın sözlərinə görə, Aİ son 14 ildə suriyalıları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Xatırladaq ki, ötən ilin sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib; onlar Dəməşqə daxil olduqdan sonra isə hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Müxalifətin başçısı Əhməd əş-Şaraa Suriyanın faktiki lideri olub.
Qeyd edək ki, Aİ 2011-ci ildən Suriyaya qarşı hökumət və hərbi strukturlara, Əsədin ailəsinə və dostlarına qarşı iqtisadi sanksiyalar tətbiq edib.
"Cebheinfo.az"