Britaniyalı gənclərin yarısı internetsiz həyat arzulayır - ARAŞDIRMA

İngiltərədə aparılan yeni bir araşdırmaya görə, gənclərin demək olar ki, yarısı internetin olmadığı bir dünyada yaşamağı üstün tutur.
“Cebheinfo.az” xəbər verir ki, araşdırma 16-21 yaş arası gənclərin təxminən 70 %-nin sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özlərini daha pis hiss etdiyini göstərib.
İştirakçıların yarısı saat 22:00-dan sonra müəyyən tətbiq və saytlara girişin məhdudlaşdırılmasını nəzərdə tutan “rəqəmsal küçəyə çıxma qadağası”nı dəstəkləyir.
Həmçinin iştirakçıların 46 %-i internetin ümumiyyətlə mövcud olmadığı bir dünyada gənc olmaq istədiklərini bildirib. Respondentlərin dörddə biri sosial mediada gündə dörd və ya daha çox saat vaxt keçirdiyini deyib.
Sorğuda iştirak edənlərin 42 %-i isə valideyn və qəyyumlarına internetdə nə ilə məşğul olduqları barədə yalan danışdıqlarını etiraf edib.
İştirakçıların 42 %-i sosial şəbəkədə yaşlarını gizlətdiklərini, 40 %-i saxta və ya “birdəfəlik” hesab yaratdıqlarını, 27 %-i isə internetdə tamamilə fərqli biri kimi davrandıqlarını söyləyib.
İngiltərə Standartlar İnstitutu tərəfindən aparılan bu araşdırma çərçivəsində 1 293 gənc arasında sorğu keçirilib.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 27 %-i onlayn platformalarda yaşadığı yeri tanımadıqları şəxslərlə paylaşdığını bildirib.
“The Guardian” qəzetinin yazdığına görə, eyni sorğuda iştirak edənlərin dörddə üçü pandemiya dövründə internetdə daha çox vaxt keçirdiklərini qeyd edib.
Həmçinin 68 % gənc internetdə keçirdikləri zamanın onların ruhi sağlamlığına mənfi təsir etdiyini düşünür.
İntiharın qarşısını almağa yönəlmiş Molly Rose Fondunun rəhbəri Endi Bərouz bildirib ki, gənclər onlayn risklərin fərqindədir və daha da önəmlisi, texnologiya şirkətlərindən onları qorumaq üçün tədbirlər görmələrini gözləyirlər.O əlavə edib ki, alqoritmlər gəncləri kədərli məzmunların “dərinliklərinə” çəkə bilər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”