Qızıl Aypara Cəmiyyəti mediadan narazıdır: Bəyanat

Qızıl Aypara Cəmiyyəti mediadan narazıdır: Bəyanat

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurası geniş tərkibli iclasında bəyanat qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial platformalarda təşkilatımıza qarşı məqsədli, məkrli, qərəzli və əsassız şəkildə çirkin qarayaxma kampaniyası aparılır. Bu kampaniya açıq-aşkar böhtan xarakteri daşıyır, reallığı əks etdirmir. İctimaiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilir, bununla da Cəmiyyətin 105 illik tarixi boyu formalaşdırdığı yüksək nüfuzuna və imicinə xələl gətirmək məqsədi daşıyır. Bu da haqlı olaraq cəmiyyət üzvlərinin ciddi narazılığına, etirazına səbəb olmuşdur.

Hamıya məlumdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən bu günə qədər milli və beynəlxalq hüquq normaları, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyət öz nizamnaməvi vəzifə və missiyasını Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, tam şəffaf və ictimaiyyətə açıq formada həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri müxtəlifdir və cəmiyyətin rəsmi internet saytında, eləcə də mətbuat orqanında bütün fəaliyyətlər barədə mütəmadi olaraq ətraflı məlumatlar yerləşdirilir. Həmçinin, saytda illik hesabatlar da yer alır. Hər bir Azərbaycan Respublikası vətəndaşı onları maraqlandıran məlumatları rəsmi saytdan əldə edə bilər.

Təəssüf doğuran hal odur ki, bu böhtan və əsassız yazılar, Cəmiyyətin 105 illik yubiley tədbirindən dərhal sonra başlamışdır ki, bu da kampaniyanın planlı və qərəzli xarakter daşıdığından xəbər verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə qarşı yönəlmiş bu cür təxribat xarakterli addımlar birmənalı olaraq, ilk növbədə dövlətimizin və xalqımızın humanitar dəyərlərinə zidd olmaqla yanaşı, həm də sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların yardıma çıxış imkanlarını təhdid altına alır.

AzQAC humanitar ehtiyaclar zamanı zəruri layihələr həyata keçirərək əhalinin həssas təbəqəsinə təmənnasız xidmətlər göstərir. Buna misal olaraq, Koronavirus (COVİD19) pandemiyası və II Qarabağ müharibəsi zamanı ayparaçıların fədakar əməyini qeyd etmək olar. Bu zaman Cəmiyyətin əməkdaşları, könüllüləri öz həyatlarını riskə ataraq humanitar missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Erməni silahlı qüvvələrinin Bərdə şəhərinə atdıqları raket nəticəsində öz humanitar missiyasını yerinə yetirən cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev həlak olmuş, 2 könüllü isə yaralanmışdır. Həmçinin, AzQAC-ın üzvləri öz missiyalarına uyğun olaraq Ağdam-Xankəndi yolunda humanitar kampaniya keçirərkən 29 gün ərzində çadırlarda gecələməli olmuşlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin müvafiq sərəncamları ilə cəmiyyətin əməkdaşları 5 Orden, 57 “Tərəqqi” medalı ilə təltif olunub, 2 əməkdaşı əməkdar jurnalist fəxri adına layiq görülüblər. 13 şəfqət işçisi isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək medalı olan “Florence Nightingale” medalını alıb.

MDB məkanında azsaylı milli cəmiyyətlərdəndir ki, fəaliyyəti “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik sənədləri ilə tənzimlənir. Bütün bunlar respublika rəhbərliyinin, dövlətin AzQAC-a diqqət və qayğısının, eləcə də etibarının bariz nümunəsidir.

Onilliklər ərzində Cəmiyyətin uğurlarını, əməkdaşlarının və könüllülərinin fədakar əməyini görməmək, zənnimizcə, heç bir məntiqə sığmır.

Media orqanlarını, jurnalistləri və sosial şəbəkə istifadəçilərini Milli Mətbuatımızın 150 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda, Həsənbəy Zərdabi ənənələrinə sadiq qalaraq məsuliyyətli davranmağa, yaydıqları informasiyanın obyektivliyini yoxlamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.

Hesab edirik ki, AzQAC-ın fəaliyyəti barədə verilən rəylər və yazılar öncə müvafiq qaydada Cəmiyyətə sorğunun göndərilməsi və sorğuya verilən cavablara əsaslanmalıdır.  

AzQAC hər zaman olduğu kimi bundan sonra da öz xeyirxah missiyasına sadiq qalaraq xalqımıza və dövlətimizə təmənnasız xidmət göstərəcək, humanitar sahədə hökumətin yardımçısı kimi nizamnaməsindən irəli gələn vəzifələri vicdanla, şərəf və ləyaqətlə, məsuliyyətlə yerinə yetirməyə davam edəcəkdir.

Gələcəkdə belə xarakterli yazıların dərc olunması davam edəcəyi təqdirdə, məsələyə hüquqi müstəvidə qiymət veriləcəyi qaçılmaz ola bilər".

"Cebheinfo.az"