Uşaqlar hər gün bu təhlükə ilə dərsə gedir - VİDEO

Uşaqlar hər gün bu təhlükə ilə dərsə gedir - VİDEO

Quba rayonunun Amsar kəndində sakinlərin aktiv gediş-gəlişi olan körpü təhlükəli vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, Baku.ws-in yaydığı görüntülərdən də körpüdə taxtaların sınmış və aralanmış halda olduğu aydın olur. Körpüdən hər gün məktəbə gedən uşaqlar və kənd sakinləri istifadə edir. Lakin onun istismara yararsız olması sakinlərin həyatını ciddi təhlükə altına alır. Xüsusilə yağıntılı və küləkli havalarda keçid daha da çətinləşir və qəza riski artır.

“Qafqazinfo” problemlə bağlı Amsar kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyənin sədr müavini Həsən Seyidov sorğumuza cavab olaraq bildirib ki, körpü son günlər yağan intensiv yağışlardan sonra yararsız hala düşüb. Hazırda onun bərpası ilə bağlı tədbir görülür: “Son yağış və daşqınlardan sonra kəndin içindən keçən körpünün iki dayağını su aparıb. Biz hazırda sakinlər üçün alternativ vəziyyət yaratmışıq, gediş-gəliş bərpa olunub. Körpünün tamamilə bərpası üçün bütün lazım olan materiallar alınıb. Lakin hazırda çayda su olduğuna görə, orada iş görmək mümkün deyil. Gözləyirik ki, çayın suyu bir az yatsın, sonra işlərə başlayaq. Çünki körpünün dayaq hissələrinə beton vurulmalıdır, o isə su ilə birgə alınmır. Biz hava proqnozlarına əsasən, iyun ayının 10-20-si aralığında həmin ərazidə suyun azalacağını və təmir işlərini görüb bitirəcəyimizi planlaşdırırıq”.

H.Seyidov, həmçinin əlavə edib ki, sözügedən körpünün olduğu çay Amsar kəndini iki hissəyə bölür. Kənd əhalisinin təxminən 25 faizi çayın sağ sahilində qalır. Hər gün ümumilikdə 150 nəfərə yaxın əhali çayın bu və ya digər tərəfinə keçmək üçün körpüdən istifadə edir. 

"Cebheinfo.az"