Qadınlar niyə ana olmaq istəmir?

Qadınlar niyə ana olmaq istəmir?

Dünyanın bəzi ölkələrində çoxuşaqlı ailələr olsa da, artıq son illər bir çox ölkələrdə uşaqların sayında azalma müşahidə edilir ki, bunun da bir səbəbi qadınların ana olmaq istəməməsindən irəli gəlir.

Bu gün bir faktdır ki, bəzi ölkələrdə ailədə uşaqların sayının çox olması heç də yüksək həyat tərzi, uşaq sevgisindən irəli gəlmir. Məsələn, ailə planlaması kimi problemlər, yaxud, Somali kimi ölkələrdə uşaq əməyindən istifadə, gəlir mənbəyi kimi səbəblərdən də irəli gəlir.

Doğrudur, bu gün bir sıra ölkələr var ki, uşaqların yüksək dövlət qayğısı ilə əhatə olunması ailələrdə uşaq sayının çox olması ilə bağlı sevgi yaratsa da, bunu hər ölkəyə şamil etmək olmaz. Bu gün qadınlar ana olmaq istəməməsini müxtəlif səbəblərlə izah edirlər.

Məsələn, belə ölkələrdən biri olan Cənubi Koreya dünyada doğuş nisbətinin ən aşağı olduğu ölkədir və hər il bu kateqoriyada öz rekordunu qırmağa davam edir.

Ən son məlumata görə, doğum nisbəti 2023-cü ildə daha 8 faiz azalaraq 0,7-yə düşüb. Əhali sayının sabit qalması üçün bu rəqəm 2,1 olmalıdır. Belə davam edərsə, Cənubi Koreya əhalisinin 2100-cü ilə qədər iki dəfə azalacağı gözlənilir.

Ümumiyyətlə, dünyanın bir çox inkişaf etmiş ölkələrində doğum səviyyəsi aşağı düşür. Lakin heç birində Cənubi Koreyadakı qədər sürətli deyil. 50 il ərzində ölkədə əmək qabiliyyətli yaşda olan insanların sayının iki dəfə, icbari hərbi xidmət keçmək hüququ olanların sayının 58 faiz azalacağı, əhalinin demək olar ki, yarısını 65 yaşdan yuxarı insanlar təşkil edəcəyi gözlənilir.

Bu, ölkə iqtisadiyyatı, pensiya fondları və təhlükəsizlik üçün o qədər mənfi nəticədir ki, siyasətçilər “milli fövqəladə vəziyyət” elan ediblər. Təxminən 20 ildir ki, hökumət problemi həll etməyə çalışıblar. İndiyədək təxminən 379,8 trilyon KRW (286 milyard dollar) dəyərində sərmayə qoyulub.

Uşaq sahibi olan cütlüklərə aylıq ödənişlər, subsidiyalı mənzil və pulsuz nəqliyyat kimi yardımlar göstərilir. Hökumət hətta uşaq sahibi olmaq istəyən evli cütlüklərin xəstəxana xərclərini və süni mayalanma müalicəsini də qarşılayır. Lakin bu cür təşviqlər nəticə vermədiyi üçün siyasətçilər daha yaradıcı həll yolları tapmağa çalışırlar.

Məsələn, Cənub-Şərqi Asiyadan uşaq baxıcıları gətirilərək minimum əməkhaqqından aşağı işləməyə məcbur edilir və ya 30 yaşınadək üç uşağı olan kişilər hərbi xidmətdən azad edilir. Ancaq gənclər, xüsusən də qadınlar siyasətçilərin onlara qulaq asmadığını deyirlər.

Uşaq sahibi olmamaq qərarına gələn qadınlarla söhbət zamanı isə səslənən fikirlər maraq doğurur. 

Məsələn, Yejin Chung adlı qadın bildirib ki, hələ 20 yaşında ikən tək başına yaşamağa qərar verib. Cənubi Koreyada tək yaşamaq insanın həyatında müvəqqəti bir mərhələ kimi qəbul edilir. Yejin 5 il əvvəl evlənməmək və uşaq sahibi olmamaq qərarına gəlib.

O deyib ki, Koreyada ev işlərini və uşaq baxımını bölüşəcək kişi tapmaq çətindir, tək uşaq sahibi olan qadınlara da pis baxırlar.

Cənubi Koreyada 2022-ci ildə doğulanların yalnız 2 faizi evlilikdən kənarda baş verib. Karyerasına diqqət yetirməyə üstünlük verdiyini deyən Yejin televiziya prodüseri işinin ona uşaq sahibi olmaq imkanı vermədiyini bildirir. Cənubi Koreyada iş saatları kifayət qədər uzundur. 

O, "Mən işimi sevirəm və bu məni qane edir. Amma Koreyada işləmək çətindir. Siz daimi işləmək məcburiyyətindəsiniz" deyib.

Yejin həmçinin deyir ki, işində daha yaxşı olmaq üçün boş vaxtlarında dərs oxumaq üçün də təzyiq var:

"Koreyalılar düşünürlər ki, davamlı olaraq özlərini təkmilləşdirməyə çalışmasalar, geridə qalacaqlar və uğursuz olacaqlar. Bu qorxu bizi iki qat daha çox işləməyə sövq edir". 

Yejin, "həftə sonuna gəldikdə, bazar ertəsi işə qayıtmaq üçün enerji almaq üçün bəzən "vitaminlərdən ibarət sistem" qəbul etdiyini, uşaq sahibi olmaq üçün icazə alarsa işinə geri qayıda bilməyəcəyini deyib. Bu, Cənubi Koreyada olduqca geniş yayılmış bir qorxudur.

İnsan resurslarında çalışan başqa bir 28 yaşlı qadın deyir ki, o, analıq məzuniyyətinə çıxandan sonra insanların işini tərk etməli olduğunu görüb və bu, onu heç vaxt uşaq sahibi olmamağa inandırmağa kifayət edib.

Cənubi Koreyada həm kişilər, həm də qadınlar uşağının ilk 8 yaşı üçün bir illik məzuniyyət hüququna malikdirlər. Bununla belə, 2022-ci ildə yeni ata olanların yalnız 7 faizi məzuniyyətlərinin bir hissəsini istifadə edirdisə, yeni ana olanlar üçün bu nisbət 70 faiz idi.

Əmək, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) göstəricilərinə görə, Cənubi Koreyada dünyada ən yüksək təhsil səviyyəsinə malik qadınlar yaşayır.

Buna baxmayaraq, Cənubi Koreya əməkhaqqı bərabərliyi və işsiz qadınların nisbəti baxımından ən pis ölkələr sırasındadır. Tədqiqatçıların fikrincə, qadınlar karyera qurmaq və ya ailə qurmaq arasında seçim etmək məcburiyyətində qalırlar.

Getdikcə daha çox qadın öz peşəsini seçir. 5 yaşlı uşaqlara ingilis dilini öyrədən Stella Şinin 39 yaşı var və öz övladı yoxdur.

Stella deyib ki, bu onun seçimi deyil. 6 ildir evli olduğu və uşaq istəməsinə baxmayaraq, işləməklə məşğul olduğunu və zamanın necə keçdiyini anlamadığını deyən Stella artıq həyat tərzinin uşaq sahibi olmağı "mümkünsüz" etdiyini bildirib: 

“Analar ilk iki il uşaqlarına baxmaq üçün işlərini tərk etməlidirlər, bu məni çox bədbəxt edir. Mən karyeramı və özümə qulluq etməyi sevirəm”.

Qadınların uşaq sahibi olduqdan sonra 2-3 il işdən ayrılacağını gözləmələri adi haldır. Uşaq baxımını kişilərlə bölüşmək çox adi bir şey deyil. Stella işindən imtina etmək istəsə və ya bir şəkildə idarə etməyə çalışsa belə, ev qiymətləri çox yüksək olduğu üçün bunu ödəyə bilməyəcəyini bildirir.

Cənubi Koreya əhalisinin yarıdan çoxu paytaxt Seul və onun ətrafında yaşayır. Bu, mənzil tələbatına və digər xidmətlərə ciddi təzyiq göstərir. Seulda doğum əmsalı ölkədə ən aşağı göstərici olan 0,59-a düşüb.

Qadınların uşaq sahibi olmamaq seçimində mənzillə yanaşı, özəl təhsil xərcləri də mühüm faktordur. 4 yaşından etibarən uşaqlar riyaziyyat, ingilis dili, musiqi və taekvondo kimi bahalı, kursdankənar kurslara göndərilir. Bu, o qədər ümumi bir vərdişdir ki, imtina etmək uşağınızı uğursuzluğa düçar etmək kimi qəbul edilir.

Buna görə də Cənubi Koreya uşaq böyütmək üçün dünyanın ən bahalı ölkəsinə çevrilib. Digər bir amil isə odur ki, Cənubi Koreyada eynicinsli nikah qanuni deyil və subay qadınlara hamilə qalmaq üçün ümumiyyətlə, sperma donorlarından istifadə etməyə icazə verilmir.

Hökumətin mövcud problemlərlə bağlı son təklifinə gəldikdə isə Prezident Yoon Suk Yeol deyib ki, onun hökuməti indi aşağı doğum nisbətini “struktur problem” kimi qiymətləndirəcək.

Azərbaycan da bir neçə il öncə doğum sayı yüksək olan ölkələrdən sayılırdı. Hətta sovet dövründə 10 uşaqlı ailələrin sayı da kifayət qədər idi. Ancaq zaman keçdikcə bu statistika azalmağa doğru getməyə başladı.

Dövlət Statistika Komitəsinin (DSK) 2023-cü illə bağlı yekun demoqrafiq göstəricilərinə görə, ötən il Azərbaycanda 112 min 620 uşaq dünyaya gəlib. 

Bir il öncə - 2022-ci ildə ölkədə 122 min 846 doğum qeydə alınmışdı. Deməli, 2023-cü ildə Azərbaycanda doğum sayı 10 mindən çox azalıb. Belə azalma 2011-ci ildən bəri özünü göstərir. Həmin il ölkədə 176 min uşaq doğulmuşdu. 

Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 141 minə enmişdi. Pandemiya dövründə doğum sayındakı azalma bir qədər də artdı. 2021-ci ildə Azərbaycanda 112 min 284 nəfər doğulub. 

Bu baxımdan, ötən il doğulanların sayı 2021-ci illə, az qala, eynidir. Ancaq fərq ondan ibarətdir ki, 2021-ci ildə pandemiya ilə bağlı ölkədə toylara qadağa qoyulduğundan nikah sayları kəskin azalmışdı, ötən ilsə belə məhdudiyyət yox idi. 

Bu gün bir faktdır ki, ailələrdə əsasən iki, hətta 1 uşaq dünyaya gəlir. Bunun səbəbini isə əsasən sosial qayğılar, hətta dəblə əlaqələndirənlər də var. Ekspertlər isə hesab edir ki, ailənin sosial təminatının olması uşaq sayının da artmasına gətirib çıxarar. 
Sosioloqlar isə bu fikirdədir ki, burada boşanmaların da sayı müəyyən rol oynayır və artıq boşanmağı düşünən cütlüklər uşaqlarının olmasını istəmirlər, yaxud 1 uşaqla  kifayətlənirlər. 

Beləliklə, bu gün Cənubi Koreyada uşaqla bağlı qadınları düşündürən problemlərin bir çoxu əksər ölkələrdəki qadınların, o cümlədən azərbaycanlı qadınların da problemidir.

Qadınların ana olmaq istəməməsinin səbəbləri isə müvafiq qurumları düşündürməli, burada yer alan əsas problemlər aradan qaldırılmalıdır.

Nigar Abdullayeva
"Cebhe.info"