Təhsil haqqı ödəməyən köçkün tələbələrin sayı açıqlandı

Ötən il ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfərin təhsil haqqını dövlət ödəyib.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb.
Hesabatda qeyd edilib ki, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına 2024-cü il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 665 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 1600 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış 667 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 574 nəfər, şəhid ailəsinin üzvü 11 nəfər, eləcə də sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 2299 nəfər və peşə təhsili müəssisələrində 185 nəfər, cəmi 18529 nəfər tələbənin 51,4 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrə 2,6 milyon manat təqaüd xərcləri, cəmi 54,0 milyon manat sərf edilib.
"Cebheinfo.az"