Azərbaycanın Müstəqillik Günü Qırğızıstanda da qeyd olunub - FOTOLAR

Azərbaycanın Müstəqillik Günü Qırğızıstanda da qeyd olunub - FOTOLAR

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkekdə 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Qəbulda səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, 107 il əvvəl 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi dövlət Azərbaycan Demokratik Respublikasının (ADR) təməlini qoyub. Cəmi iki ilə yaxın mövcud olmasına baxmayaraq, ADR Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutub. Qısa müddət ərzində parlament seçkiləri keçirilmiş, hökumət yaradılmış, dövlət atributları, bayraq, himn təsis edilib və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması üçün tədbirlər həyata keçirilib. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir və ADR tərəfindən qəbul edilmiş dövlət atributlarının qorunub saxlanması tarixi davamlılığın təsdiqi olmaqla yanaşı, həm də dövlətçilik tariximizə hörmət və məhəbbətin bariz nümunəsidir.

L.Qəndilov bildirib ki, müasir Azərbaycan müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasının təşəbbüskarı və müəllifidir. Bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmiş, özünü təmin edən müasir güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

“XX əsrin əvvəlində olduğu kimi XX əsrin sonunda da müstəqilliyimizin ilk illərində Azərbaycan yenidən Ermənistan tərəfindən etnik təmizləmə, torpaq iddiaları ilə qarşılaşıb və işğala məruz qalıb. Nəticədə Ermənistanda yaşayan üç yüz min soydaşımız öz evlərindən və torpaqlarından qovulub. Bundan başqa Qarabağla birlikdə 20 faiz ərazimiz Ermənistan tərəfindən işğal edilib, nəticədə 1 milyon azərbaycanlı öz torpağında qaçqına çevrilib. Uzun illər dünya ictimaiyyətinin biganəliyi ilə qarşılaşan Azərbaycan xalqı Prezident İlham Əliyev ətrafında sıx birləşib, güclü ordu yaradaraq 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazilərini azad edib, suverenliyini, torpaq bütünlüyünü və bütün əraziləri üzərində Konstitusion hüququnu bərpa edib. İşğalla üzləşməyimizə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm dünya əhəmiyyətli irimiqyaslı layihələrə imza atılıb. Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilib. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və ordu yaratmasına əsas verib. Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 400-dən çox azərbaycanlı minaya düşərək həlak olub. 5 il ərzində aparılan işlərə baxmayaraq hələ də ərazilərimizin 14 faizində mina təhlükəsi qalmaqdadır. İşğal nəticəsində dağıdılmış şəhərlərimizin və kəndlərimizin bərpası üçün ölkəmiz öz imkanlarını səfərbər edərək tezliklə qaçqınların öz evlərinə qaytarılmasına çalışır. Lakin bu prosesləri ləngidən əsas səbəb mina təhlükəsidir. Azərbaycan aparılan işlərin 95 faizini özünün daxili imkanları hesabına həyata keçirir”,- deyə diplomat diqqətə çatdırıb.

Səfir Azərbaycan ilə Qırğızıstan arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin hər tərəfli şəkildə inkişaf etdiyini vurğulayıb.

Qırğızıstan Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir, hazırda iki ölkə arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulayıb. O, Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini vurğulayıb.

Daha sonra nazir, ikitərəfli münasibətlərin son dövrdə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək Qırğız Prezidentinin 2024-cü ilin aprel ayında Azərbaycana dövlət səfərinin yüksək səviyyədə keçdiyini, iki ölkə arasında ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çoxlu sayda sazişlərin imzalandığını bildirib.

Mərasimdə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarımız səsləndirilib.

"Cebheinfo.az"