Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU

Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU

Fransada narkoz altında olan xəstələrinə qarşı təcavüz və cinsi zorakılıq ittihamı ilə mühakimə olunan Joel Le Scouarnec 20 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az" xəbər verir ki, təqaüddə olan həkim 299 nəfərə qarşı ağırlaşdırılmış təcavüz və cinsi zorakılıqla ittiham olunub. 

Həmin cinayətlərin bir çoxu həkim işlədiyi 25 il ərzində, xəstələr, bəziləri uşaqlar narkoz altında olarkən baş verib. 

Le Scouarnec məhkəmədə etiraf edib ki, bu illər ərzində “alçaq əməllər” törədib. Onun dedikləri Fransa səhiyyə sisteminin idarə olunması ilə bağlı ciddi suallar doğurub.

O, açıqlamasında, "Vurduğum zərərin düzəlməz ölçüdə olduğunun fərqindəyəm", - deyib. 

O dövrdə əksəriyyəti azyaşlı olan xəstələrinə qarşı törətdiyi əməllər Fransa tarixində məhkəməyə çıxarılan ən dəhşətli pedofil cinayət işi kimi dəyərləndirilir.

Qeyd edək ki, Le Scouarnec daha öncəki təcavüz cinayətləri ilə bağlı artıq həbsdə idi. 2020-ci ildə qonşuluqda yaşayan bir uşağa, iki qohumuna və 4 yaşlı bir xəstəyə qarşı təcavüz və cinsi zorakılıq ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əlavə olaraq, məlum olub ki, Le Scouarnec 2005-ci ildə uşaq istismarına görüntülər yüklədiyinə görə məhkum olunmuş, lakin bu cinayətinə baxmayaraq dövlət xəstəxanalarında işləməyə davam etmişdir.

Əfsanə 
"Cebheinfo.az"