Yeni koronavirus dalğası bu ölkəni cənginə alıb

Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus kabusu hələ də tam olaraq sona çatmayıb.
"Cebheinfo.az" xəbər verir ki, Hindistanda COVID-19-a yoluxma hallarında yenidən artım müşahidə olunub.
Ölkədə aktiv yoluxma sayı cəmi bir həftə ərzində 257-dən 1010-a yüksəlib. Ən çox artım isə Kerala ştatında qeydə alınıb. Burada 335 yeni yoluxma aşkarlanıb.Xəstəliklərin artması COVID-19-un iki yeni alt variantı olan NB.1.8.1 və LF.7-nin aşkarlanması ilə üst-üstə düşür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yeni variantları yaxından izləyir. İlk nəticələr onların yüksək yoluxuculuğa malik ola biləcəyini göstərir.
Bununla belə, hazırkı mərhələdə xəstəliyin ağırlıq dərəcəsində ciddi bir artım müşahidə olunmur. Mütəxəssislər bildirirlər ki, NB.1.8.1 variantının insan hüceyrələrinə bağlanma qabiliyyəti daha güclüdür və bu səbəbdən əvvəlki variantlarla müqayisədə daha sürətlə yayıla bilər.
Həkimlərin sözlərinə görə, yeni yoluxma hallarının əksəriyyətində simptomlar yüngül keçir, buna görə də panikaya ehtiyac yoxdur.Lakin ştat rəhbərlikləri və səhiyyə orqanları vətəndaşları gigiyena qaydalarına ciddi riayət etməyə çağırır. Hindistanın Səhiyyə Nazirliyi isə xəstəxanaların mümkün artıma qarşı hazır vəziyyətdə olduğunu bəyan edib.2025-ci il etibarilə COVID-19-un simptomları əsasən boğaz ağrısı, yorğunluq, yüngül öskürək, əzələ ağrıları, qızdırma, baş ağrısı, burun tutulması, ürəkbulanma və yüngül həzm problemləri ilə müşahidə olunur.
Bu əlamətlər 3-4 gün ərzində keçmədikdə, sürətli antijen testi və ya PCR testi edilməyi tövsiyə olunur. Yeni variantlara qarşı peyvəndlərin effektivliyi qlobal səviyyədə izlənməyə davam edir.Qeyd edək ki, COVID-19 pandemiyası 2020-ci ilin mart ayında başlamış, Hindistan isə bu dövrdə iki ciddi dalğa ilə üzləşmişdi. Pandemiya dövründə ölkədə 500 mindən çox insan həyatını itirmiş, iqtisadiyyat isə ciddi zərər görmüşdü. İlk yoluxma hallarının aşkarlandığı ştatlardan biri olan Kerala, o zaman 30-dan çox yoluxma ilə gündəmə gəlmişdi.Hazırda isə rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirir və vətəndaşları əsassız təşvişə düşməməyə çağırırlar.
Əfsanə Rəcəb
"Cebheinfo.az"