Təbrizdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğu 28 May – Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul təşkil edib.
Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə İranın Şərqi Azərbaycan valisinin siyasi-ictimai məsələlər üzrə müavini Murtaza Məhəmmədzadə, Təbriz şəhər icra hakimiyyətinin başçısı Pavud Gərşaşbi, Şərqi Azərbaycan valiliyinin aparatının rəhbəri Rəhim Qasımzadə, İran XİN-nin Şimal-Qərb nümayənədəliyin rəhbəri Tohid Nəcəfzadə, nümayəndiliyin əməkdaşları, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, onların ailə üzvləri, Ərdəbil və Culfa şəhərlərində fəaliyyət göstərən azərbaycanlı iş adamları, Tərbriz şəhərində yerləşən Azad İslam Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Baş konsul Əliyənnağı Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin qorunması naminə böyük fədakarlıqlar göstərdiyini, qüdrətli dövlətin təşəkkülünün memarı kimi dünyəvi strategiya müəyyən etdiyini bildirib.
O əlavə edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Bu tarixi qərar xalqımızın milli dövlətçilik ənənələrinə bağlılığının parlaq təzahürü oluub. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. İki ildən də bir ay az müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Onun hökumətinin və parlamentinin qəbul etdiyi qətiyyətli qərarlar və qanunlar sonrakı illərdə bir sıra dövlətlər üçün milli yol xəritəsi və nümunəvi beynəlxalq standartlar kimi tanınıb və tətbiq olunub.
Diplomat təəssüflə bildirib ki, 1920-ci ilin aprel işğalı Azərbaycanın keçmiş sovetlər birliyinin əsarətinə düşməsinə səbəb olub. Bütün bunlara baxmayaraq, təxminən 70 il sonra, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub, bu sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Baş konsul diqqətə çatdırıb ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dövlətçilik sərvətinə çevrilib. O əlavə edib: “Üçrəngli Bayrağımız və digər dövlət atributları cümhuriyyətdən xalqımıza qalan əmanətdir. İftixarla deyə bilərik ki, Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə Bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycanın üzərində dalğalanmağa başladı”.
Diplomat daha sonra qeyd edib: “Azərbaycan dövləti 2020-ci ilin sentyabrında beynəlxalq hüququn aspektlərini əlində rəhbər tutaraq 44 günlük Vətən müharibəsi və sonrakı illərdə tətbiq etdiyi hərbi-siyasi tədbirlər sayəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident İlham Əliyevin məlum Sərəncamı ilə 20 sentyabr tarixi Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. Tarixi Zəfəri Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz qazandırıb. Xalqımız dövlətimizə və millətimizə şərəf gətirən bu qəhrəmanlıq dastanını öz qanı ilə tarixə yazan igidlərimizin şücaətini hər zaman qəlbində yaşadacaq”.
Tədbirdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
"Cebheinfo.az"