Bakıda rəzalət: Oteldə açıq-aşkar əxlaqsızlıq yuvası - FOTOLAR

Bakıda rəzalət: Oteldə açıq-aşkar əxlaqsızlıq yuvası - FOTOLAR

Yaşayış binasının 1-2-ci mərtəbələrində əvvəlcə təhsil mərkəzinin açılacağı deyilsə də, sonradan hotelə çevrilib.

Bu barədə paytaxtın Nərimanov rayonu akademik Əliəşrəf Əlizadə küçəsində yerləşən yaşayış binasının sakinləri Ölkə.Az-a şikayət ünvanlayıb.

İddia edilib ki, "Ruby" adlanan hotelin heç bir rəsmi icazəsi yoxdur. Obyektin hotel açmaq üçün bir sıra tələblərə cavab vermədiyi, binada pilləkan tikintisi üçün 30 kvadratmetrlik beton sahəsinin söküldüyü, bununla da tikilinin təhlükəsizliyinin riskə atıldığı deyilir.

Həmçinin qeyd edilir ki, hotelin yanğın pilləkan çıxışı yoxur, qazanxanası açıq ərazidə qoyulub və s.

Bina sakinləri eyni zamanda adıçəkilən hoteldə əxlaqa zidd davranışlara yol verildiyini söyləyib.

Bununla bağlı bəzi foto və videolar da redaksiyamıza təqdim edilib, lakin görüntülər uyğunsuz olduğuna görə paylaşılması məqsədəuyğun deyil.

“Binanın qarşısında parkinq üçün yerlər ayırıb və onu vətəndaş olaraq istifadə edə bilmirik. Qanunsuz parklanma ilə əlaqədar olaraq dəfələrlə şikayət olunsa da, tədbir görülmür.

Təhlükəsizlik məsələləri ilə bağlı FHN-ə də şikayət etmişik.

Bundan əlavə, hotel əxlaqsızlıq yuvasına çevrilib. 17 mərtəbəli yaşayış binasıdır. Gecə bəlli saatlardan sonra xoşagəlməz hallar olur. Biz sakinlər olaraq nə qədər desək də, məhəl qoyan yoxdur. Sakinlərin çəkdiyi müəyyən görüntülər var. Axşam küçədə yeriyəndə xoşagəlməz səslər eşidilir. Adam ailəsinin, övladının aşağı düşməsini istəmir. Aidiyyəti qurumlara şikayət ünvanlamışıq, baxan yoxdur”, - deyə bina sakinlərindən biri söyləyib.

Ölkə.Az hoteldəki təhlükəsizliklə bağlı pozuntular barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətindən saytımıza bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri obyektə baxış keçirib:

“Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən 21 yanvar 2025- ci il tarixində, KY252263614 nömrəli çıxarışa əsasən keçirilən yanğın-texniki müayinə zamanı aşağıdakı pozuntular aşkar edilib:

obyekt ilkin yanğınsöndürmə balonları ilə tam təmin olunmayıb;
obyektin yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb və işlək vəziyyətdə deyil;
obyektin təxliyə çıxışı mövcud deyil.

Sözügedən obyektdə aparılan yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı "Ruby hotel"in rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı isə tikinti normalarının pozulması müəyyən edilməyib” – cavabda deyilir.

Sözügedən iddialarla bağlı mövqe öyrənmək üçün “Ruby” hotellə də əlaqə saxladıq. Hoteldən Ölkə.Az bildirildi ki, hazırda obyekt təhvil-təslim mərhələsindədir:

“Hotelin əvvəlki sahibi necə işlədib deyə bilmərik. Ayın 1-dən hotel daimi fəaliyyətə başlayacaq. Bizim digər portnyor hotellərimiz də var və həmin hotellərin heç birində əxlaqa zidd davranışlara yol verilməyib” – açıqlamada bildirilib.

Daha sonra redaksiyamızla əlaqə saxlayan hotel rəhbərliyi obyektin bütün sənədlərinin qaydasında olduğunu, hər hansı qanun pozuntusuna yol verilmədiyini söyləyib və deyilənləri təkzib edib.

"Cebheinfo.az"