Gələcək kraliçanın təhsili yarımçıq qala bilər – SƏBƏB

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Harvard Universitetinin beynəlxalq tələbə qəbulu proqramını dayandırmaq planından sonra 7 minə yaxın xarici tələbənin təhsili təhlükə altına düşüb.
"Cebheinfo.az" xəbər verir ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan Harvard Universitetində təhsil alan və gələcəkdə Belçikanın kraliçası olacağı gözlənilən Şahzadə Elizabetin təhsilini davam edib-etməyəcəyi də maraq doğurub.
2001-ci il təvəllüdlü şahzadə, 2024-cü ilin sentyabr ayında Harvard Universitetində iki illik “İctimai Siyasət” üzrə magistratura proqramına başlamışdı.
O, Harvard Universitetində magistr pilləsi üzrə birinci kursunu başa vurub və bu yayı Belçikada keçirəcək.
Belçika Krallıq Sarayı cümə günü bildirib ki, şahzadə Elizabet, ABŞ Prezidenti Donald Trampın xarici tələbələrə qoyduğu qadağadan sonra Harvard Universitetinə ikinci il üçün qayıdıb-qayıda bilməyəcəyini gözləyir.
Sarayın kommunikasiya rəhbəri Ksavye Baert açıqlamasında, "Hazırda vəziyyəti araşdırırıq ki, bu qərarın şahzadəyə hansı təsiri ola bilər, ya da ümumiyyətlə təsiri olacaqmı. Hələlik bunu söyləmək üçün tezdir. Gələn il nə olacağını isə hələ gözləməliyik”, - deyə qeyd edib.
Xatırladaq ki, şahzadə Elizabet kral Filipp və kraliça Matildənin dörd övladından birincisidir.
O, hazırda Harvard Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr proqramında təhsil alır.
Ötən il isə Böyük Britaniyada, Oksford Universitetinin Linkoln Kollecində tarix və siyasət ixtisası üzrə bakalavr dərəcəsi əldə edib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"