Qəbul niyə təkcə VI sinifdə oxuyanlar üçün olacaq? - Rəsmi açıqlama

Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Bu barədə "Cebheinfo.az"a Təhsil İnstitutundan bildirilib.
Qeyd olunub ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir:
“Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq”.
Qeyd edək ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qərarın imtahana sayılı günlər açıqlanması övladı bu prosesə hazırlaşan valideynlərin narazılığına səbəb olub.
"Cebheinfo.az"