Ukrayna münaqişənin həlli üçün şərtlərini ABŞ-yə təhvil verib

ABŞ Ukraynadan sülh razılaşması üçün şərtlərin siyahısını alıb.
Bu barədə Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalının efirində məlumat verib.
“Bir həftədən bir qədər çox olar ki, ruslar sülhə nail olmaq üçün belə desək, memorandum hazırlayacaqlarını bildirdilər. Biz Ukrayna tərəfdən artıq belə bir memorandum almışıq. İndi də Rusiya tərəfdən oxşar sənədi gözlədiyik”, - o deyib.
Memorandumun alınmasından sonra danışıqların yeni raundunun keçiriləcəyi gözlənilir. Daha əvvəl Kelloq görüşün Cenevrədə keçirilə biləcəyini söyləmişdi.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri mayın 16-da İstanbulda son 3 ildə ilk birbaşa danışıqlardan sonra sənədin hazırlanması barədə razılığa gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskvanın hazırladığı memorandumda münaqişənin həlli üçün mümkün müddətlər və prinsiplər göstəriləcək. Sənəddə, razılaşmalar əldə olunarsa, müəyyən müddət ərzində potensial atəşkəsin mümkünlüyü də göstəriləcək. Memorandum hazır olan kimi Ukrayna tərəfinə veriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Kiyev arasında yeni görüşün Türkiyədə baş tutacağını istisna etməyib.
"Cebheinfo.az"