Roberta Metsola Ukraynadan danışdı

Roberta Metsola Ukraynadan danışdı

Avropa Parlamentinin sədri Roberta Metsola hesab edir ki, Avropa İttifaqı genişlənməli və Ukrayna, Moldova və Qərbi Balkan ölkələrini qəbul etməlidir.

"Cebheinfo.az" xəbər verir ki, Metsola bunu "Euractiv" portalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Aİ bu fürsətdən istifadə edib genişlənməlidir, çünki ABŞ-nin qlobal arenada təsiri azalır.

Metsola mümkün genişlənməni “geosiyasi zərurət” adlandırıb və xəbərdarlıq edib ki, əgər Aİ Ukrayna, Moldova və Qərbi Balkanları öz sıralarına daxil edə bilməsə, “bu boşluğu başqaları dolduracaq”. 

"Euractiv" nəşri qeyd edib ki, Avropa Parlamenti sədrinin bu çağırışı transatlantik münasibətlərdə artan gərginlik fonunda səslənib.

Brüssel və Vaşinqtonun ticarət siyasəti, təhlükəsizlik məsələlərində baxışları getdikcə daha çox fərqlənir. 

Metsolanın fikrincə, Avropa İttifaqı yeni ölkələri inteqrasiya edərək “liderlik nümayiş etdirməli” və bununla da tərəfdaşlarının, xüsusilə ABŞ-nin Aİ-ni ciddi qəbul etməsinə nail olmalıdır.

“Son onillikdə Aİ qazandığından daha çox üzv itirib. Əgər biz fəal addımlar atmasaq, bunu başqaları edəcək”, - deyə o əlavə edib.

Səbinə Uğur
"Cebheinfo.az"