Şimali Koreyadan ABŞ-yə xəbərdarlıq: “Cavab verəcəyik”

Şimali Koreya ABŞ-nin strateji bombardmançı təyyarələrlə Cənubi Koreya üzərində uçuşlar keçirməsinə cavab olaraq xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, Pxenyan bildirib ki, bu addım "təhlükəsizlik üçün açıq təhdiddir" və cavabsız qalmayacaq.
ABŞ "B-1B" tipli bombardmançılarını Cənubi Koreya və öz qırıcıları ilə birlikdə təlimlərə cəlb edib.
Cənubi Koreya Müdafiə Nazirliyi bu təlimlərin məqsədinin Şimali Koreyanın nüvə proqramına qarşı birgə güc nümayiş etdirmək olduğunu açıqlayıb.
Vaşinqton və Seul belə təlimlərin müdafiə xarakterli olduğunu desə də, Pxenyan bunları özünə qarşı hücum məşqi kimi qəbul edir.
Xüsusilə ABŞ-nin bombardmançı təyyarələri, aviadaşıyıcılar və nüvə sualtı qayıqları kimi "strateji aktivlər"i səfərbər etməsi Şimali Koreyanı daha da narahat edir.
Şimali Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ və Cənubi Koreyanın son hərbi addımları regionda vəziyyəti təhlükəli şəkildə gərginləşdirir. Bu təhdidlərə qarşı cavab verməyə məcbur qalacağıq.
Bəyanatda həmçinin vurğulanır ki, Pxenyan ABŞ-ın "aqressiv planlarını" dayandırmaq üçün “güclü güc” tətbiq edəcək.Qeyd edək ki, Şimali Koreya ABŞ-nin "B-1B" təyyarələrinin bölgədəki hərəkətlərinə tez-tez raket sınaqları ilə cavab verir.
Gərginliyi daha da artıran başqa bir xəbər isə Cənubi Koreya Hərbi Hava Qüvvələrinin ABŞ-la birlikdə yeni genişmiqyaslı təlimlərə başlamasıdır.
“Azadlıq Bayrağı” adlı bu təlimlər iki həftə davam edəcək və 90-dan çox təyyarə iştirak edəcək.
Bütün bu hadisələr fonunda Şimali Koreya həm də Ukraynadakı müharibədə Rusiyaya silah və canlı qüvvə göndərməklə bağlı ittiham olunur. Eyni zamanda, Pxenyan nüvə silahlarını təkmilləşdirmək üçün sınaqlarını davam etdirir.
Bu gərginliklər fonunda ABŞ Prezidenti Donald Trampın son açıqlamaları da diqqət çəkib. Martın 31-də Tramp Şimali Koreya lideri Kim Çen Inı “çox ağıllı biri” adlandırıb və onların arasında “əla münasibətlərin” olduğunu bildirib.
O deyib ki, tərəflər arasında “əlaqə var”, lakin Pxenyan hələlik rəsmi şəkildə buna cavab verməyib.
Səbinə Uğur
"Cebheinfo.az"