Trampa təslim olmur

Trampa təslim olmur

ABŞ Prezidenti Donald Trampın tətbiq edəcəyi 50 faizlik gömrük vergisi təhdidinə cavab olaraq Braziliya Prezidenti Luiz Lula da Silva açıqlama verdi. 

"Cebheinfo.az" xəbər verir ki, Lula bu addımın Braziliyanın İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində cavab tədbiri ilə qarşılanacağını deyib: "Braziliya suveren ölkədir, müstəqil qurumlara sahibdir və heç bir şəkildə vasitetçilik qəbul etmir".

Lula açıqlamasında Trampın “Braziliyanın ticarət siyasəti ABŞ-yə zərər verir və ticarət defisiti yaradır” iddiasını ABŞ hökumətinin rəqəmlərinə istinad edərək təkzib edib. Braziliya Federal Ali Məhkəməsi yaxın günlərdə ifrat sağçı keçmiş Prezident Jair Bolsonaronun 2022-ci il prezident seçkilərini Lula da Silva qarşısında uduzduqdan sonra çevriliş cəhdi ilə bağlı mühakimə olunmasına qərar vermişdi. 

Tramp bəzi dairələrdə "Tropiklərin Trampı" adlandırılan Bolsonaronun məhkəmə işinə sərt şəkildə reaksiya verərək, “Truth Social” platformasında bu prosesi "cadugər ovuna" və "siyasi rəqibə qarşı hücum" olaraq dəyərləndirib.  

O, Bolsonaronu "ölkəsini həqiqətən sevən bir lider" kimi tərifləmişdi. Bu hadisələrin ardınca Tramp Lula da Silvaya ünvanladığı məktubda "Braziliyanın azad seçkilərə və amerikalıların əsas ifadə azadlığı hüquqlarına qarşı gizli hücumlarına görə 1 avqust 2025-ci il tarixində 50 faizlik gömrük vergisi tətbiq edəcəyik",- deyib. 

Tramp bu təhdidi Braziliyanın ticarət siyasətinin ABŞ-yə zərər verdiyi və ticarət defisiti yaratdığı iddiası ilə əsaslandırıb. Halbuki ABŞ hökumətinin məlumatına görə, ötən il ABŞ Braziliya ilə ticarətdə 7,4 milyard dollarlıq müsbət saldo əldə edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"